Azərbaycan kəlağayısı UNESKO-nun siyahısına salınır
Noyabrın 24-də UNESCO-nun baş qərargahında qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 9-cu sessiyası işə başlayıb.
Sessiyada ölkəmizi mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, komitənin builki sessiyasında 2003-cü il konvensiyasının gələcək icra mexanizmləri, konvensiyanın implementasiyası üzrə üzv ölkələrin təqdim etdiyi hesabatlar, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş elementlərin hazırkı vəziyyəti, eyni zamanda təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş elementlərin hazırkı vəziyyəti ilə bağlı üzv ölkələrin hesabatlarına baxılacaqdır.
Bununla yanaşı, Qeyri-maddi mədəni irs Fonduna könüllü olaraq verilmiş töhfələr, məşvərətçi və köməkçi orqanların 2014-cü il üçün iş planları nəzərdən keçiriləcək, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı və Təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi üçün ölkələr tərəfindən təqdim edilmiş nominasiyalar barədə yekun qərar qəbul ediləcək.
Sessiya zamanı həmçinin qeyri-hökumət təşkilatlarının akkreditə olunması və qiymətləndirilməsi, komitənin növbəti 10-cu sessiyasının keçiriləcəyi tarix və yer və komitənin 10-cu sessiyasının büro üzvlərinin seçilməsi nəzərdə tutulur.
Sessiya işini noyabrın 28-də yekunlaşdıracaqdır.
Mənbə:> ANSPRESS