Əliyevin bu səfəri bütün söz-söhbətlərə son qoyacaq
Prezidentin Gürcüstan səfəri qaz məsələsi ilə bağlı bütün söz-söhbətlərə son qoyacaq.
Bunu Prezident İlham Əliyevin Gürcüstana gözlənilən səfərini Axar.az-a şərh edərkən politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri səfərin önəmini xüsusilə qeyd edib:
“Rusiya ilə qaz məsələsində Gürcüstan tərəfi çox ciddi yanlışlıqlara yol verib. Gah İran, gah Rusiya, gah da Ermənistanla müxtəlif siyasi bazarlıqlar apararaq qaz şəbəkəsinin diversifikasıyası adı altında müxtəlif sövdələşmələr aparılıb. Ancaq irəli sürülən əsassız arqumentlər özünü doğrultmayıb. “Qazproma”a söz vermələri, hətta niyyət protokolu imzalanması ərəfəsində olmaları indi üzə çıxıb. Deməli, çox ciddi danışıqlar gedib. İranla olan sərgüzəştlərin çoxu açılmayıb. Ermənistan tərəfinin vasitəçiliyi ilə bir çox məqamlar isə hələ də qaranlıq qalır. Ortada olmayan bir kəmərlə Gürcüstana İran qazının daşınması məsələsində Tiflis indi bir qədər geriyə çəkilib. Ancaq məsələ gündəmdədir. Bir neçə ölkə ilə paralel söhbətlər aparılaraq qaz adı altında müxtəlif siyasi maraqlara xidmət edən bu danışıqlar hətta beynəlxalq mübahisələrə səbəb ola biləcək vəziyyət yaradıb. Bu qaz məsələsi Gürcüstandakı hazırkı hakimiyyətin nə qədər səriştəsiz olduğunu ortaya qoydu”.
Politoloq bildirib ki, “Qazprom”un Gürcüstan tərəfini məhkəmə ilə təhdid etməsi əslində İvanişviliyə qurulan bir oyundur:
“İstənilən halda bu, Azərbaycana qarşı da bir versiyadır. Bu məsələ Davosda müzakirə olunmadı. Çünki Azərbaycanla Gürcüstan arasındakı qaz məsələsi daha ciddi görüşlərə söykənməlidir. Prezident İlham Əliyevin Gürcüstana səfəri ona görə vacibdir ki, əsassız iddialarla Bakı qazından imtina sabah Bakı-Ərzurum, Bakı-Supsa, Bakı-Ceyhan layihələri üçün də eyni vəziyyətə gətirib çıxara bilər. Prezidentin bu səfəri qarşı tərəfə çox ciddi xəbərdarlıqdır. Çünki Azərbaycan Gürcüstanı enerji dəhlizinə çevirib. Məhz bu səfər bütün söz-söhbətlərə son qoyacaq”.
Qeyd edək ki, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Davosda Prezident İlham Əliyevlə görüşdə qaz təchizatı mövzusuna toxunulmadığını və Azərbaycan prezidenti ilə Gürcüstanda növbəti görüş barədə razılığa gəldiklərini açıqlayıb.
Mənbə:> Axar.az