İlham Əliyevin Gürcüstana səfəri – FOTO (YENİLƏNİB)
Noyabrın 5-də Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Oxu.Az-ın məlumatına görə, mətbuat prezidentləri mətbuata bəyanatlarla çıxışından sonra Tbilisidə Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi nahar verilib.
20:50
Noyabrın 5-də Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Azərbaycan Respublikası ilə Gürcüstan arasında Birgə Bəyannamə imzalayıblar.
Oxu.Az-ın məlumatına görə, sənəd Azərbaycan və Gürcüstan prezidentləri arasında geniş tərkibdə görüş başa çatdıqdan sonra imzalanıb.
Daha sonra Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin adından rəsmi nahar verilib.
Dövlət başçıları naharda çıxış ediblər.
19:52
Noyabrın 5-də Tbilisidə rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub.
Oxu.Az-ın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
18:09
Prezident İlham Əliyevin Gürcüstan Prezidentinin iqamətgahında rəsmi qarşılanma mərasimi olub.
Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Hərbi orkestrin ifasında Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Gürcüstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti Prezident Giorgi Marqvelaşviliyə təqdim olundu.
Sonra prezidentlər xarici ölkələrin Tbilisidə akkreditə olunan səfirləri ilə görüşdülər.
16:27
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana rəsmi səfəri çərçivəsindəTbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib.
Oxu.Az-ın AzərTac-a istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı abidənin önünə əkil qoyub.
Daha sonra Azərbaycanın prezidenti İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoyub.
Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.
15:48
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana rəsmi səfəri başlayıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Tbilisi aeroportunda prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət rəmiləri qarşılayıblar.
Daha sonra prezident Heydər Əliyevin Tbilisidə ucaldılmış abidəsi önünə gül dəstləri qoyub.
Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan və Gürcüstan prezidentlərinin ikitərəfli, eləcə də geniş formatda görüşləri olacaq. Görüşlərdən sonra siyasi, təhlükəsizlik, ticarət, iqtisadiyyat, tranzit, mədəniyyət, təhsil, elm sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə Bəyannamə imzalanması nəzərdə tutulur.
Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatla da çıxış edəcəklər.
Bununla yanaşı, prezidentin rəsmi səfəri çərçivəsində Gürcüstanın baş naziri, Gürcüstan parlamentinin sədri və bütün Gürcüstanın Patriaxı II İlya ilə görüşləri nəzərdə tutulub.
Rəsmi səfər çərçivəsində İlham Əliyev Marneulidə yaşayan azərbaycanlılarla da görüşlər keçirəcək.
Səfər noyabrın 6-da başa çatacaq.
Mənbə:> Oxu.Az