İlham Əliyev Gürcüstana gedir
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başa çatıb.
Oxu.Az-ın “Qruziya-Online”na istinadən məlumatına görə, baş nazir Qaribaşvili və prezident İlham Əliyev ikitərəfli münasibətləri və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Gürcüstan baş nazirinin Bakıya işgüzar səfəri çərçivəsində baş tutan bu görüş Azərbaycan prezidentinin “Zuğulba” iqamətgahında keçirilib və 3 saat davam edib. Görüşün əvvəlində Azərbaycan prezidenti Gürcüstan baş nazirinin səfərinin əhəmiyyətini qeyd edib. Gürcüstan baş naziri isə iki ölkə arasında xeyirxah qonşuluq münasibətləri haqda danışıb.
İki ölkə liderləri siyasi-iqtisadi mövzuları və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. İnfrastruktur, energetika və nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyəti, münasibətlərin dərinləşməsi perspektivləri müzakirə edilib. Daha sonra görüş dostluq naharında davam edib. Qərara alınıb ki, prezident İlham Əliyev yaxın vaxtlarda Gürcüstana səfər edəcək.
Qeyd edək ki, Gürcüstan baş nazirinin Bakıya səfəri qəfil xarakter daşıyıb və qonşu ölkə rəsmilərinin Azərbaycan qazından asılılığı azaltmaq planlarını açıqlamasından sonraya təsadüf edib. Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, “Qazprom”la Gürcüstanın qaz təchizatına dair danışıqlar aparılır, habelə İrandan qaz alınmasına dair intensiv müzakirələr gedir.
Mənbə:> Oxu.Az