Başımıza papağımızı qoyan gərəkdir... » AzNews.info -Xəbər portalı

Başımıza papağımızı qoyan gərəkdir... – VİDEO

Başımıza papağımızı qoyan gərəkdir...


Mən əslində vətənimin şeirlərdə, əsərlərdə yazıldığı kimi böyük olmadığını gördüm. Hətta ilk dəfə xəritəni əlimə alanda Azərbaycanı orada tapa bilmədim. Və anladım ki, müğənnidən, mühəndisdən, artıq nüfuzunu itirmiş və əvvəlki hörməti qalmayan müəllimdən çox bu torpağa onun sərhəddini, səngərini, şərəfini qoruyacaq ƏSGƏR gərəkdir. Özü də çox gərəkdir. Başımıza papağımızı qaytarıb qoyacağımız qədər gərəkdir...

Mən bəlkə də burda - şəhidlər xiyabanında yatan oğulların sayını bilmirəm. Lakin, bu oğullar var idi. Yəni, vaxt var idi ki, bu oğullar Vətən uğrunda qan tökürdülər, ölümə gedirdilər. Onlar ölümə gedirdilər ki, Vətən yaşasın, arxadakı Vətən qorunsun. Arxada - Vətəndə isə müharibə tamam başqa münasibətlər üzərində qurulurdu. Hətta, orduya belə çağırışlar həvəskar səviyyədə idi. Amma, elə müharibəni bax bu həvəskar oğullar, könüllülər, qeyrətindən başqa heç nəyi olmayanlar uddu. Onlar heç nə düşünmədən bu addımı atırdılar, çünki Vətən var idi. Əslində, Vətən uğrunda vicdan müharibəsi gedirdi və onlar bu vicdan müharibəsindən ləyaqətlə çıxmağı bacardılar.... Gəlin onlara qəhrəman deməkdən çəkinməyək - bütün məğlubiyyətimizə baxmayaraq onlar qəhrəmanlıq etməyi bacardılar..... Bəs biz neyləyirik? Onların əməllərini, amallarını davametdirə bildik mi? Yox! Biz olsa - olsa onlara bax bu mərmər məzarları qoymağı bacardıq. Və ildə bir dəfə bu məzarları ziyarət etməyi...

Nədənsə Azərbaycan telekanalları Qarabağ haqqında danışarkən yalnız uçulub, sökülüb-dağılmış evləri, binaları göstərirlər. Nədənsə bizim tv-lər Qarabağda - Şuşada, Laçında tikilmiş otelləri, istirahət mərkəzlərini göstərmirlər. Nədənsə bizim tv-lər oraya təşkil olunmuş turist səfərlərini göstərmirlər. Erməni kəndlisi Qarabağda əkin-biçinlə məşğul olur. Hətta, çox gəncimizin yaxın durmayacağı arıçılıqla məşğul olan erməni gəncləri var o torpaqlarda.... Mən xeyli susdum. Amma, bugün yenə də müharibədən danışmaq istəyirəm. Bu dəfə - səssiz müharibədən. Bəs siz, dinləmək istəyirsiniz?!...



Bizim problemimiz təkcə Torpaqdırmı? Əlbəttə ki, yox. İtirilmiş torpaqları dərdə çevirənədək hələ xeyli işimiz var. Düşmənlə haqq hesab çəkməmişdən öncə gərək ki özümüzlə görüləcək işlərimiz var. Azərbaycanlı olana qədər görüləcək çox işimiz var. Biz isə hələ gözləyirik. Əslində, məsələ torpaq deyil. Yer üzündə hamıya torpaq çatacaq. Əsas savaş Yer üzündə bir millət, bir xalq kimi haqqı və ixtiyarları çatacaqlar arasındadır. Bu savaşdan məğlub çıxmaq isə....... Azərbaycan gənci Xocalıya aid videoları gördükdə üz turşudan gənc ola bilməz, Azərbaycan gənci üç rəngli bayraq ilə yaş bədənini silən gənc ola bilməz. Mən əsl Azırbaycan gəncini 30 apreldə (2009) Neft Akademiyasında gülləyən sinə gərən o insanlarda gördüm. Mən əsl Azərbaycan gəncini 30 aprel günü tanımadığı tələbə həmkarlarına qan vermək arzusu ilə "Semaşko" nun qarşısına toplanan o gənclərin simasında gördüm. Əsl Azərbaycan gəncini Mübarizin, Fəridin, Əhmədin şücaətində gördüm. Mən bir ananın məğrurluğunu o şəhidlərin analarında gördüm. Mən Azərbaycan xalqının birliyini məhz o şəhidlərin dəfn mərasimində gördüm. Azərbaycan bayrağını da orda gördüm - bu dəfə şəhid məzarlarına sarılanda. "Allahu əkbər" kəlimələri ilə son mənzilə yola salınan cənazələr də yaşla dolmuş gözlərimdən yayınmadı. Mən həmin günü Vətəni gördüm, Vətəni!...

Bəlkə də mən bugün sizinlə tamam başqa mövzulardan danışmalı idim. Gününü boş-boşuna çayxanalarda, qumarxanalarda keçirən gənclərdən, o məkanlardan heç də geridə qalmayan "Party" adı ilə insanlara sıranan o məkanlardan danışmalı idim. Bəlkə mən sizinlə it, pişik, çaqqal səsli siqnalları olan maşınlarla onun-bunun qohum əqrəbası olan xanımlara sataşan "cəsur, mərd" oğullardan danışmalı idim. Bəlkə mən sizinlə iyrənc saqqalı Suriya aşiqi olan din əhlindən, tv-lərdəki biabırçılıqdan, insanların müasirlik adı ilə iyrənc geyimlərə dadanmasından danışmalı idim. Amma, nədən danışırıqsa danışaq - əbədi və əzəli mövzumuzdan - Torpaqdan, ləyaqətdən qaça bilməyəcəyik. Bəlkə də bu mövzuda danışmaq yox, konkret işlər görmək gərəkdir. Ancaq, neyləyək ki, indi başqa mövzular və işlər daha çoc dəbdədir. Bax elə belə-belə yaddaş itir, qisas unudulur, tarix unutdurulur, yaddan çıxır hər şey... Zaman isə keçir. Çox az hallarda ləyaqət, Vətənpərvərlik qabardıqda isə o da manqirt əxlaqına uduzur...

Biz indi qəhrəmana susamışıq. Hər cür qələbə bizim üçün önəmlidir, buna şübhə yox. Amma, bizə birinci şərəfimizi (Torpağımızı) qaytaracaq qəhrəman gərəkdir. Özü də çox gərəkdir. Başımıza papağımızı qaytarıb qoyacağımız qədər vacibdir. Və çətindir. Bunu bilirəm. Lakin, bu qələbə çətin olduğu qədər də həm də mütləqdir. Əgər biz dünyanı bu mütləqiyyətə inandırıb döyüşərək Torpaqlarınızı ala bilməsək başqa heç bir qələbə bizi xilas edə bilməyəcək. Buna əmin olun. Bunun üçün də hər biriniz içinizdə əzilmiş tapdanmış o hissi çıxardın. Ona güc, qüdrət, ləyaqəthissi aşılayın. Boynu bükük naçarə kişi ömrü yaşamaqdansa şərəfli, qəhrəman ölümü təbliğ etməyi üstün tutun özünüzə. ÖLÜMƏ GETMƏMİŞ ÖLMƏYİN! Daxilinizdəki o ikinci özünüzü tapıb çıxardın.O bügün lazımdır, sabah daha lazım olmaya bilər...

Hər bir azərbaycanlı öz milləti xalqı naminə hansısa işlər görməlidir. Necə ki, bunu şəhidlər xiyabanında uyuyan bu məzar sahibləri etdilər. Hər bir azərbaycanlı Vətəni naminə konkret işlər görülməlidir. Bəlkə də sözünü əmələ çevirməlidir, bəlkə də göz yaşlarını arzuya yox silaha çevirməlidir. Bir şərtlə ki, etdiyin qəhrəmanlığın sabah hansısa nadan tərəfindən xəyanət adlandırılmağından qaçasan... Hər bir vəziyyətdə arxa cəbhə ön cəbhə dayaq olmalı, xalq nəhayət ki birliyini nümayiş etdirməlidir... Mən bu sözlərimlə sizi müharibəyə səsləmirəm. Mən əslində bütöv bir millətin böyük, əsas və çətin müharibəni etmək istəyi və israrında olmasını istəyirəm... Unutmayın! Bizim QİSAS GÜNÜ'nə doğru atacağımız addım nə mən, nə sən, nə hansısa nazir, məmur üçündür. Bizim QİSAS GÜNÜ'nə doğru atacağımız addım Vətən üçündür. Erməninin əlində qalan o bədbəxt Vətən üçün. Heç birimizin sahib çıxmadığı Vətən üçün...

Rüstəm Abdullayev

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *