Avropa Oyunlarının könüllü qəhrəmanları
İşləri çox səs-küy doğurmasa da, etdiklərinə görə maaş almasalar da, sosial şəbəkələrdə çox tənqid, hətta təhqir olunsalar da onların zəhməti çox böyük oldu bu günlərdə”.
Bu sözləri I Avropa Oyunları Təşkilat Komitəsində çalışan dostumdan eşitdim.
Həqiqətən də, bütün dünyanın gözünün Azərbaycanımızda olduğu bu günlərdə könüllülərin zəhmətini yerə vurmaq, qınamaq günah olar. Məlumat üçün deyim ki, Avropa Oyunlarında 10 mindən çox könüllü çalışır. Müasir dövrümüzdə, Avropa ölkələrində könüllülük institutunun sıradan çıxdığı bir məqamda, insanlar üçün hər şeydən öncə maddi maraqların, merkantil dəyərlərin ön planda olduğu zamanda, valideynlərinin xahişiylə evdən mağazaya düşüb çörək almağa ərinən gənclərin artdığını nəzərə alsaq, könüllülərimizə qəhrəman da deyə bilərik.
Bu gəncləri birləşdirən tək bir səbəb və dəyər var: O da Azərbaycan sevgisidir.
Özü də bu sevgi elə bir durumda özünü göstərir ki...
Sosial şəbəkələrə, xarici mediaya, beynəlxalq təşkilatlara, Qərb ölkələrinə nəzər yetirsək görərik ki, vətənimizi, dövlətimizi satmaq üçün, ölkəni parçalamaq üçün növbəyə düzülən "vətəndaşlarımız" var.
Könüllülərimiz də bu mürəkkəb situasiyada vətən üçün, dövlət üçün, ölkəmizin adı üçün gecələrini gündüzlərinə qatıblar, bəlkə də özlərindən həm savadca, həm dünyagörüşücə, həm intellektcə aşağı olan idmançıların qulluğundadırlar, onların bir dediklərini iki etmirlər, qeydlərinə qalırlar. Bu dövrdə bəlkə də dediyim jestləri insanlar heç öz doğmalarına etmirlər. Bu gənclər isə bunu vətənimiz, dövlətimiz, ölkəmiz üçün edir, hər şeyə və hamıya Azərbaycan üçün göz yumurlar.
Elə bu səbəbdən də onları şəhərdə, idman komplekslərində, ictimai nəqliyyatda görəndə “bagic”lərinə söz atmaqdansa, kinayəli sözlərlə iynələməkdənsə, “yaxşı oğlan olsaydız, Qarabağda könüllü döyüşərdiz” deməkdənsə, dönün bir güzgüyə baxın, özünüzün millət üçün nə etdiyinizi düşünün.
Və həmin “facebook qəhrəmanlarına” xatırladım ki, sizin könüllüləri tənqid edib, “like” yığmağa, qız tutmağa çalışdığınız anlarda bizim könüllülər idman zallarında əngəlli vətəndaşlarımıza yardım edirlər, jurnalistlərin işinə yardımçı olurlar, hətta idman zallarını təmizləyirlər, ən xırda işlərə ürək qoyurlar, vətəndaşlarımızın məmnuniyyəti üçün bütün şəxsi problemlərini unudub, onları gülərüzlə qarşılayıb, yola salırlar.
Çoxlarımızın idman arenalarına özümüzü göstərmək, idmançılarla, dövlət rəsmiləriylə “selfie” çəkdirmək üçün getdiyimiz bir məqamda könüllülərimizə iş zamanı telefonla oynamaq və şəkil çəkmək də qadağandır. Ancaq heç bir könüllü bu durumdan narazı deyil. Çünki onlar oyunları özlərini yox, köməklərini göstərmək üçün oyunlara qatılıblar. Çünki onlar üçün şəxsi maraqlarından çox, dövlətin maraqları öndə gəlir. Çünki onlar “like” yığmağı deyil, Azərbaycanımızın dünyada söz sahibinə çevrilməsini, inkişafını və rifahını istəyən gənclərdir.
Bu “monitor qəhrəmanları” üçün bilirsinizmi nə qədər dəhşətli durumdu? Hər işdə neqativ axtaran, hər işə mız qoyan, xırda bir problemi qloballaşdıran bəzi “vətəndaşlarımızın” qarşısında Avropa Oyunlarında könüllü kimi çalışan minlərlə gəncimiz durub. Və bu gənclər Azərbaycanımızın gələcəyidir.
Və son olaraq könüllülərimizə demək istəyirəm ki, bu gün Azərbaycanın Avropa Oyunlarında qazandığı bütün medallarda sizin də zəhmətiniz, sizin də əməyiniz və sizin də gücünüz var. Unutmayın ki, vətən üçün ölmək qədər, onun üçün yaşamağı, çalışmağı, vuruşmağı da bacarmaq lazımdır və siz gənc ikən əsl qəhrəmanlıq edirsiz. Var olun, dostlar.
Hacıbəy Heydərli
Mənbə:> AzNews.info