Rus jurnalisti Almaniyada həbs gözləyir
Alman vəkil Lartin Lütl Rusiyanın "Birinci Kanal"ının efirində yayımlanan verilişlə bağlı Berlin prokurorluğuna müraciət edib.
Axar.az xəbər verir ki, vəkilin iddiasına görə, verilişin müəllifi jurnalist İvan Blaqoy 13 yaşlı rus qızın ərəb ölkələrindən gələn miqrantlar tərəfindən təcavüzə məruz qaldığını bildirib.
Lütl süjetin rus təbliğatına və millətlərarası nifaqa xidmət etdiyini deyib.
Vəkil bildirib ki, Berlində yaşayan rus jurnalist Almaniya qanunlarını pozub və "Birinci Kanal" hazırladığı verilişlə ölkədəki rusdilli əhali arasında qaçqınlara qarşı nifrət oyatmaq niyyətindədir.
Lütl prokurorluğun qərarından sonra Blaqoya qarşı lazımı addımların atılacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, bu hərəkəti ucbatından rus jurnalisti 3 aydan 5 ilə kimi həbs cəzası gözləyir.
Qeyd edək ki, bir sıra rus mətbu orqanları da qaçqınların rus qızını oğurlayıb ona təcavüz etdiyini yazmışdılar. Lakin alman polisi bildirib ki, araşdırma zamanı oğurluq və təcavüz hallarına rast gəlinməyib. Hazırda istintaq davam etdirilir və işin bağlanması prokurorluğun qərarından asılıdır.
Mənbə:> Axar.az