İlham Əliyev: Ermənistan rəhbərliyi panikadadır
Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənmişdir. Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin etmişdir və öz iradəsini diktə etmişdir.
Oxu.Az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu fikri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Onlarla işğalçının məhv edildiyini vurğulayan Azərbaycan Prezidenti deyib: "Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər. Ancaq sual olunur: erməni əsgərləri hansı torpaqda həlak olurlar? Azərbaycan torpağında həlak olurlar. Getsinlər, çəkilsinlər bizim torpaqlarımızdan, bu zaman münaqişəyə son qoyular, heç kim həlak olmaz və sülh bərpa edilə bilər".
Ötən ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir irəliləyişin olmadığını deyən dövlətimizin başçısı bildirib ki, danışıqlar istiqamətində durğunluq müşahidə olunurdu. Sadəcə olaraq, ilin sonunda Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirilib. Bu görüş də formal xarakter daşıyırdı - görüş naminə görüş. Çünki 2015-ci ildə prezidentlər səviyyəsində görüş keçirilməyib.
Ancaq bu görüşün heç bir faydası, yaxud da ki, nəticəsi olmayıb. Bunun da səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir. Status-kvonu nə qədər çox mümkündürsə saxlamaq istəyir, işğal olunmuş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə olaraq bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur və danışıqları sonsuz bir proses kimi gələcəkdə də görmək istəyir.
"Bizim isə mövqeyimiz tam fərqlidir. Biz münaqişənin həllini istəyirik. Vasitəçilər də, Minsk qrupunun həmsədrləri də dəfələrlə bildirmişlər ki, onlar da münaqişənin həllini istəyirlər. Təbii ki, onların vəzifəsi bundan ibarətdir. Ancaq əfsuslar olsun ki, işğalçıya bu istiqamətdə heç bir ciddi təzyiq göstərilmir. Burada əlbəttə ki, işğalçı ilə işğala məruz qalan ölkə arasında fərq qoyulmalıdır. Bizim torpaqlarımız işğal altındadır və bu işğala son qoyulmalıdır. Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir. Biz bunu müsbət qarşılayırıq. Ancaq status-kvonun dəyişdirilməsi üçün heç bir konkret addım atılmır. Status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğala son qoyulacaq", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan öz mövqeyini bundan sonra da müdafiə edəcək. Bizim mövqe beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir ki, erməni işğalçı qüvvələri torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılsın. Postsovet məkanında buna oxşar münaqişələrlə bağlı BMT Təhlükəsizlik Şurası heç bir qətnamə qəbul etməyib.
Ancaq işğala məruz qalan postsovet məkanının digər ölkələri, onların vəziyyəti ilə bağlı bəzi hallarda ərazi bütövlüyü haqqında birmənalı bəyanatlar səslənir. Bizim ərazi bütövlüyümüz də eyni əhəmiyyət daşıyır. Heç bir başqa ölkənin ərazi bütövlüyündən aşağı əhəmiyyət daşımır və bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Azərbaycan bu istiqamətdə öz siyasətini aparacaq. Əlbəttə ki, diplomatik səylər davam etdiriləcək.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün üzv olduğumuz beynəlxalq təşkilatların gündəliyindədir və olmalıdır. Biz bu məsələni bütün beynəlxalq tribunalarda qaldırırıq və qaldıracağıq, diplomatik və siyasi səylərimizi artıracağıq. Ermənistanı bundan sonra da bu bölgədə bütün layihələrdən kənarda saxlayacağıq, öz hərbi gücümüzü artıracağıq.
"Biz bundan sonra da bütün imkanlardan istifadə edəcəyik. Siyasi, diplomatik və iqtisadi rıçaqlardan istifadə edəcəyik, eyni zamanda, döyüş potensialımızı gücləndirəcəyik və beləliklə, münaqişənin həllini yaxınlaşdıracağıq. Bir daha demək istəyirəm ki, bizim prinsipial mövqeyimiz ədalətə, o cümlədən tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanır", - deyə Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.
Mənbə:> Oxu.Az