Elmar Məmmədyarov Antonius Bruku qəbul etdi
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruku fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, E. Məmmədyarov BMT İnkişaf Proqramının rezident nümayəndəsi kimi fəaliyyəti müddətində Azərbaycan və BMT strukturları arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə A. Bruka təşəkkürünü ifadə edib.
Müstəqilliyinin ilk illərindən Azərbaycan və BMT sistemi arasında faydalı və hərtərəfli əməkdaşlığın qurulduğunu deyən nazir ölkəmizin BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyini bildirib. O, Azərbaycanın BMT-nin seçkili orqanlarında iştirak etməklə, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verdiyini nəzərə çatdırıb. Bu xüsusda, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi naminə məhsuldar fəaliyyətini qeyd edib.
E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməli olduğunu vurğulayıb.
A. Bruk fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, həmçinin Azərbaycan və BMT-nin əsas orqanları və ixtisaslaşmış təşkilatları ilə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. E. Məmmədyarov isə A. Bruka gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mənbə:> Oxu.Az