Elmar Məmmədyarov Xorvatiya prezidenti ilə görüşdü – FOTO
Xorvatiyaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçlə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, E.Məmmədyarov prezident seçilməsi münasibətilə xanım K.Qrabar-Kitaroviçə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin səmimi təbrikini və salamlarını çatdırdı.
Xorvatiya Prezidenti səmimi təbrikə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təşəkkürünü ifadə etdi və Prezident İlham Əliyevə salamları və ən xoş arzularının yetirilməsini xahiş etdi.
Görüş zamanı Azərbaycanla Xorvatiya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya rəsmi səfərinin və səfər çərçivəsində “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi”nin imzalanmasının ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etdirilməsi üçün əlverişli siyasi zəmin yaratdığı qeyd olundu.
Həmçinin görüş zamanı Azərbaycan və Xorvatiya hökumətləri arasında iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədilə yaradılmış birgə iqtisadi əməkdaşlıq üzrə komissiyanın ilk iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulandı.
Mənbə:> Oxu.Az