Bağdad-Ankara gərginliyi: Görünməyən “kabus”
Rəsmi Tehran Türkiyənin hər hansı bir aktivliyini qəbul etmək niyyətində deyil.
Axar.az xəbər verir ki, bu sözləri "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu son günlərdə Türkiyə-İraq arasındakı gərginliyi şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, Maliki iqtidarı İranın təsiri altında olduğundan müstəqil siyasət yürüdə bilmir:
“Türkiyə və İraq münasibətləri zatən son illərdə bir o qədər isti olmayıb. Bu isə daha çox İraq hökumətinin Maliki iqtidarı dönəmindən başlayaraq İrana meyilli siyasət yürütməsi ilə əlaqədardır. Vurğulamaq lazımdır ki, rəsmi Ankaranın məhz bu səbəbdən İraqdakı kürd muxtariyyəti ilə münasibətlərini Bağdadın başı üstündən yürütməsi və müxtəlif iqtisadi-siyasi əlaqələrdə olması məhz bu iki dövlət arasında zaman-zaman münasibətlərin kəskinləşməsinə səbəb olmaqdadır. Diqqət edin, elə indi də İraqın şimalındakı kürd muxtariyyətinin lideri Məsud Bərzaninin bu günlərdə Türkiyəyə edəcəyi səfər fonunda Türkiyə hökumətinin İraqın şimalına yeni hərbi qüvvə göndərmək barədə qərarı İraq hökumətinin kəskin etirazına səbəb olur və ölkənin suverenliyinin pozulması kimi qiymətləndirir”.
Politoloqun fikrincə, Bağdad İranın bölgədəki siyasətinin alətinə çevrilib:
“Bu səbəblərdən İraqın açıqlamalarını Rusiya faktoru ilə deyil, daha çox İran faktoru ilə əlaqələndirmək doğru olar. Unutmayaq ki, İraq İranın öz ətrafında formalaşdırdığı "şiə hilalı"nın bir halqasıdır və Tehran Türkiyənin hər hansı bir aktivliyini qəbul etmək niyyətində deyil. Yeri gəlmişkən, son Türkiyə-Rusiya qarşıdurmasında Tehranın birmənalı və açıq şəkildə rəsmi Moskvanı müdafiə etməsi də buna əyani sübutdur. Hətta İrandakı məscidlərdə rus əsgərləri üçün dualar da edilmişdi”.
Mənbə:> Axar.az