Daxili Qoşunlar Nardarana nəzarət edir
Hüquq-mühafizə orqanlarının Nardaran qəsəbəsində əməliyyatı davam edir.
AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, qəsəbənin giriş və çıxışlarında qoyulmuş polis postları hələ götürülməyib.
Qəsəbəyə daxil olan və çıxan hər kəs yoxlanılır. Nardaran sakinlərinin qəsəbəyə daxil olmasına heç bir məhdudiyyət yoxdur. Nardaranın mərkəzi meydanlarına Daxili Qoşunların qüvvələri nəzarət edir.
Qəsəbə sakini Natiq Kərimov bildirib ki, hazırda Nardaranda sabitlik hökm sürür:
“Polis öz işini görür, yerli camaat da öz işini. Məlum hadisələrlə əlaqədar başlanmış cinayət işi üzrə bəzi qəsəbə sakinləri istintaqa aparılıb. Onlardan bəziləri sonradan sərbəst buraxılsa da, bir neçə nəfər barəsində isə inzibati cəza tətbiq edilib”.
N. Kərimov həmçinin qeyd edib ki, qəsəbəyə elektrik enerjisinin verilişi hələlik bərpa olunmayıb:
“Hazırda sayğacların yenilənməsi işi aparılır. Ümid edirik ki, tezliklə elektrik enerjisinin verilişi bərpa ediləcək".
Mənbə:> APA