Davudoğlu Bakıdan Putinə səsləndi – FOTO
Türkiyənin baş naziri Əhməd Davudoğlu Bakıda Rusiya – Türkiyə arasında baş verən gərginlikdən danışıb.
ANS PRESS-in məlumatına görə, baş nazir Rusiya prezidenti Vladimir Putinə səslənərək bildirib ki, gərginliyi artırmağa ehtiyac yoxdur.
“Bu gün Putin yenə də gərginliyi artıran açıqlamalar verib. O, Türkiyəyə qarşı həqiqətə uyğun olmayan sözlər işlədir. Biz bunları qəbul edə bilmərik”, - deyə Davudoğlu bildirib.
Türkiyənin baş naziri Əhməd Davudoğlu və prezident İlham Əliyev
Davudoğlu Rusiyanı soyuqqanlı olmağa çağırıb: “Biz iqtisadi sanksiyaların siyasi mübahisələri həll etməyəcəyini dəfələrlə bildirmişik. Rusiyanın ən çətin vaxtlarında ona tətbiq edilən sanksiyalara qoşulmadıq. Türkiyənin günahının olmadığı bir məsələdə onların bizə sanksiya tətbiq etməsini qərəzli hesab edirik. Özlərinə sanksiya tətbiq edəndə narahat olanlar başqalarına da eyni addımı atmamalıdır. Belə sanksiyalar hər iki tərəfə də zərər vurur”.
Davudoğlu Putinə səslənərək bildirib ki, qarşılıqlı ittihamları saxlayıb danışıqlara başlanılmalıdır. “Daha sonra, əgər lazım olarsa, bir daha hadisənin detallarını bütün dünya ilə paylaşarıq. Hazırda dünyada heç bir hadisə gizli qalmır”.
Ölkələr arasında gərginliyə səbəb isə Türkiyənin sərhədlərini pozan Rusiyaya məxsus "Su 24" qırıcı təyyarəsini vurmasıdır. Hadisə baş verdikdən sonra Rusiya Türkiyə ilə demək olar ki, bütün iqtisadi əlaqələrini dondurub. Rusiya iki ölkə arasında həyata keçirilən ən böyük layihələrdən biri olan “Türk Axınının tikintisini dayandırdığını elan edib. Vladimir Putin mətbuata açıqlamasında hadisəni arxadan vurulan zərbə adlandırıb və bildirib ki, təyyarə Türkiyə sərhədlərinindən içəri daxil olmayıb.
Mənbə:> ANSPRESS