Rusiya bu ölkələrin də hava sərhəddini pozub
Rusiyaya aid “SU-24” hərbi təyyarəsinin Türkiyə hərbi aviasiyasına məxsus “F-16” qırıcısı ilə Suriya sərhəddində vurulmasından sonra Rusiyanın daha əvvəl də analoji hadisələr törətməsi gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, NATO Avropa Müttəfiq Qüvvətlərinin Ali Komandalığı Rusiyaya aid qırıcıların ötən il Avropa ölkələrinin bir çoxunun hava sərhəddini ən azı 150 dəfə pozduğunu bildirib.
NATO məlumatlarında Rusiyanın, Baltik və Skandinav ölkələrinin hava sərhəddini tez-tez pozduğu, həmçinin ABŞ və Kanadanın havadan müdafiə bölgələrini və Yaponiyanın hava və dəniz sərhəddini pozduğu bildirilir. Rusiya ən yadda qalan bu cür hadisəni ötən ilin aprel ayında Baltik dənizinin beynəlxalq sularına girərək törədib. Bu zaman Amerika hərbi donanmasına aid kəşfiyyat təyyarəsi Rıs qırıcılarının hücumuna məruz qalmışdı. Həmçinin NATO-dan bildirilib ki, Rusiya qırıcıları Estoniyanın hava sərhəddini 6, Finlandiyanın hava sərhəddini 3, Danimarka və Polşanın hava sərhəddini 1 dəfə pozub.
İsveçin hava sərhəddi də 2012-ci ildə 7, 2013-cü ildə 8, 2014-cü ildə 10 dəfə Rusiya qırıcıları tərəfindən pozulub.
Pentaqondan yayılan açıqlamada isə 2014-cü ilin avqust sentyabr aylarında Rusiyaya aid atom bombardımançı təyyarəsinin 16 dəfə ABŞ və Kanadanın hava sərhəddini pozduğu bildirilib.
Mənbə:> ANSPRESS