Ərdoğan Rusiyanın qarşısında təklənir...
Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriya ilə sərhəddə Rusiyanın Su-24 bombardmançısını vurması beynəlxalq medianın əsas mövzusudur.
Virtualaz.org saytı xəbər verir ki, bu gün əksər beynəlxalq KİV-lər, nüfuzlu Qərb nəşrləri Türkiyə ilə Rusiya arasında baş verənləri baş xəbər kimi çatdırıblar.
Gözlənildiyi kimi, Qərb bu məsələdə Türkiyəyə birmənalı dəstək vermir və insidentə görə Rusiyadan çox məhz Ankara tənqid olunur. Və problemin kökünün əslində Türkiyənin İŞİD-ə dəstək verməsində olduğu vurğulanır.
“The Washington Times” qəzetinin baş məqaləsində deyilir ki, rusların Suriyada İŞİD-i bombaladıqları haqda dediklərinə dünya inanmır. Əslində Rusiya İŞİD-i yox, Əsəd rejimini devirmək uğrunda mübarizə aparan üsyançıları hədəf alır.
“Lakin bu, Türkiyənin hərəkətlərinə-Rusiya təyyarəsinin vurulmasına və pilotun öldürülməsinə haqq qazandırmır. Müharibələri doğuran səbəblərdən biri - tamamilə disproporsional reaksiya ortadadır”- deyə qəzet yazır.
Məqalədə deyilir ki, indi Putin cavab tədbiri görməli olacaq və bu da ABŞ-la NATO-dan ötrü arzuedilən olmayacaq.
“Türkiyə hərdən İŞİD-ə havadan sıx dəstək göstərib, İŞİD-ə hücum edən kürd qüvvələrini bombalayıb. Türkiyə öz sərhədlərindən İŞİD yaraqlılarını Suriyaya buraxır, özü isə islamçı teokratiyaya və diktaturaya çevrilir”- deyə Amerika nəşri bildirir.
Qəzet narahatdır ki, Türkiyə özünün “məsuliyyətsiz hərəkətləri və islamçı planları ilə NATO-nu Rusiya ilə münaqişəyə qoşmaq” istəyir.
“Su-24 təyyarəsinin vurulması insidentindən sonra Türkiyənin NATO üzvü kimi qalması məsələsinə baxmaq lazımdır”- mühafizəkarlara bağlı qəzet bildirir.
Almaniyanın “Die Welt” qəzeti isə bu ölkənin vitse-kanslerinin açıqlamasına yer verib. Vitse-kansler Ziqmar Qabriel Türkiyənin ünvanına sərt tənqidlə çıxış edərək deyib ki, bu insident Türkiyənin “proqnozlara uyğun gəlməyən” ölkə olduğunu göstərir.
Ziqmar Qabriel bildirib ki, bu insident İŞİD-ə qarşı beynəlxalq koalisiyanın yaradılmasını əngəlləyəcək.
“İndependent” qəzetinin məqaləsində isə deyilir ki, bu insident beynəlxalq vəziyyəti daha da gərginləşdirəcək.
Qəzet təyyarənin vurulmasından sonra Türkiyə-Rusiya münasibətlərinin darmadağın edildiyini qeyd edir. Məqalədə deyilir ki, Rusiya bu insidentə görə cavab addımı atsa, NATO-nun Türkiyəyə görə onunla hərbi qarşıdurmaya gedəcəyi ağlabatan deyil.
“Rusiya ilə yeni münaqişə indi NATO-nun ən axırıncı istəyidir”-məqalədə deyilir.
ABC telekanalının xəbərində isə deyilir ki, Rusiya təyyarəsinin vurulmasını NATO-nun İspaniyadakı hərbi bazasından online rejimdə izləyiblər.
Xəbərə görə, İspaniyadakı Torrexone-de-Ardos bazasında NATO-nun kombinə edilmiş hava əməliyyatları Mərkəzi fəaliyyət göstərir.
“Bu hadisə bizi qəfil yaxaladı”- deyə bazada xidmət edən ispan zabit bildirib.
Mərkəz NATO-nun məsuliyyət zonasının cənub seqmentində baş verən bütün insidentlər barədə alyansın Almaniyadakı Ramşteyn hərbi hava bazasını məlumatlandırır.
Mənbə deyib ki, insident zamanı Türkiyə radarları Rusiya təyyarəsini qeydə alıb, Mərkəz türklərə bu barədə heç bir informasiya verməyib.
“Rusiya təyyarəsinin Türkiyə hava sahəsinə yaxınlaşdığı barədə Ramşteyn bazasına informasiya verilib, ancaq türk qüvvələrinə təyyarənin vurulmasına dair heç bir komanda göndərilməyib, onlar özləri bu qərarı veriblər”- mənbə deyib.
Mənbə:> Virtualaz.org