Sükut dəqiqəsində fit
Azərbaycan və Moldova yığma komandalarının yoldaşlıq matçında bəzi azərbaycanlı azarkeşlər çox xoşagəlməz hərəkət ediblər. Matçdan öncə Fransada törədilən terror aktlarının qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib. Azarkeşlər bu dəqiqə ərzində fit çalıb, uğultulu səslər çıxarıb, qışqırıblar...
Yuxarıda “çox xoşagəlməz hərəkət ediblər” yazarkən özümü “rüsvayçı” yazmaqdan saxlamağa çalışdım. Amma...
Bilirsiz, rüsvayçılıq nədədir? Bizim daima özümüzə “yüksək mədəniyyət və məişət ocağı” olmağımızı sübut etməyə çalışdığımız halda, cəmiyyətin çoxtərəfli olduğunu, şirin və dadlı balı acıdacaq bir qaşıq qətranın olacağını unutmağımızdadır.
Matç minlərlə tamaşaçının olduğu Olimpiya stadionunda keçirilirdi. Onlarla, bəlkə də yüzlərlə tamaşaçı var idi. Yığmanın yoldaşlıq görüşü elə də maraq doğurmamışdı. Hava da stadionun dolmasına ümid vermirdi. Həm də ora gedib çıxmaq çətin və narahatdır.
Məhz bu uğuldayan insanlar tribunalarda, televiziya kameralarında idi və bu gün bizə qarşı durdular.
Bu günlərdə mən “Azərbaycan xalqının fransız bayrağı” adlı məqalə yazmışdım. Məqalədə cəmiyyətimizin KİV və sosial şəbəkələrdə Parisdə baş verən terror aktının qiymətləndirilməsində necə bölündüyündən danışmışdım.
Xatırladım ki, vətəndaşlarımızın bir hissəsi sosial şəbəkələrdəki profil şəkillərini fransız bayrağının rənglərinə boyamışdı, digər hissəsi isə “boyananları” Şengen vizası almaq üçün Fransa səfirliyinə yaltaqlanmaqda qınayaraq fransızların bizim münaqişəni həll etmədiklərini, fransızların Xocalı üçün yanmadıqlarını, terror aktlarının müxtəlif ölkələrdə olmasını, digər ölkələrin də, məsələn, Livanın bayraqlarının rənginə boyanmalarını və s. və i.a. deyirdilər.
Mən bizim insanları bir-birinə qarşı tolerantlığa çağırdım. Üzr istəyirəm, haqsız idim.
Haqsız idim, çünki barışdırmağa çalışdım, sərt şəkildə tənqid etməyə yox. Bəlkə də mən, siz, biz fransız bayrağına qısqanclıqla yanaşanları, Parisdə baş verən terror aktlarına hətta sevinənləri kəskin şəkildə yerinə oturtsaydıq, o zaman beynəlxalq matçın başlanğıcında sükut dəqiqəsində bu uğultunu yaşamazdıq.
Bəli, deyə bilərik ki, matçda tamaşaçıların sayı az idi, bir qrup insan bizim bütün tolerantlığımızı və multikulturalizmə can atmağımızı əks etdirə bilməz, ümumiyyətlə, bu, təsadüfi adamlar idi. Amma olan oldu. Dünya KİV-də bu uğultunu qınayanlardan yox, məhz o uğultunu yaradan və fit çalanlardan yazacaqlar. Və onlar “Azərbaycan azarkeşləri” kimi təqdim ediləcəklər. Bir dəqiqə ərzində bu qrup bizi bütün dünyaya təqdim etdi. Və belə simamızın əks olunduğu güzgüyə baxmaq mənə xoş deyil.
Və mən əminəm ki, bunun günahı Fransa kimi “heç də yaxşı olmayan” ölkədə belə terrora “yox” deyən həmvətənlərini tənqid edən, pisləyən adamlardadır.
Gəlin, açıq danışaq, “fransız bayrağının rənglərinə boyananları” nəyə görə Türkiyədə terror baş verərkən o dövlətin bayrağının rənginə boyanmadıqlarında ittiham edənləri başa düşmək olar. Liviya, Nigeriya, Livan və s. haqqında ürək yanğıları demoqogiyadan başqa bir şey deyil.
Əzizlərim, siz səfərlər və gözəllik haqqında deyəndə Tripoli, Abuc və ya Beyrut haqqında düşünürsünüz? Parisə isə hər kəs getmək istərdi. Ona görə də Fransada terror aktlarının acısı daha ağırdır. Ona görə də stadionda baş verən uğultu ayıbdır.
Keçən dəfəki məqaləmi “Mənim seçimim belədir - bu günlərdə Fransa bayrağının rənglərinə boyanmıram, təəssüfümü bildirirəm, islamofobiyanı qınayıram, terrora nifrət edirəm, Vətənimi sevirəm”... sözləri ilə başa vurmuşdum. Bu gün vergül qoyaraq əlavə etmək istəyirəm ki, “... stadionda olmamışam, fit çalmamışam, amma bu rüsvayçılığı yaşadım”...
Mənbə:> Oxu.Az - Kənan Quluzadə