Bombanın təyyarəyə necə qoyulduğu üzə çıxır, Putin qisas alacaq
Ötən həftə Misirin Sina yarımadası üzərində qəzaya uğrayan Rusiya sərnişin təyyarəsinə bomba qoyulduğu barədə yeni güclü dəlillər meydana çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, ABŞ və Britaniya kəşfiyyatının peykdən istifadə olunmaqla həyata keçirdiyi birgə əməliyyat nəticəsində təyyarəyə bombanın Misirin Şarm-əş-Şeyx aeroportunun baqaj və ya yerüstü xidmətində işləyən İŞİD üzvünün keçirdiyi təxmin edilir.
Kəşfiyyat əməliyyatı noyabrın 4-də keçirilib və terrorçular arasında elektron yazışmalar peyk kommunikasiyaları ilə qeydə alınıb.
Məlum olub ki, terrorçular öz aralarında Şarm-əş-Şeyx aeroportunun hansısa işçisinin uçuşdan az əvvəl təyyarənin baqaj bölməsinə içərisində partlayıcı qurğu olan çantanı yerləşdirdiyi haqda danışıblar.
Bu əməliyyatdan bir neçə saat sonra Britaniya XİN rəsmən elan edib ki, təyyarənin qəzaya uğramasının səbəbi bomba partlayışı ola bilər. Habelə Böyük Britaniya hava yolları şirkətləri Şarm-əş-Şeyxdən bütün reysləri dayandırıb.
Avişaşirkətlər bildiriblər ki, Misirin kurort şəhərindən turistlər bu gün vətənə yola salınacaq. Lakin sərnişinlərə təyyarəyə baqaj vermək qadağan olunub. Onlar ancaq əl bağlamaları ilə təyyarəyə əyləşə bilərlər.
Sərnişinlərin qalan yüklərini isə Britaniya hökumətinin ayırdığı xüsusi təyyarə ölkəyə aparacaq.
“The Times” qəzetinin yazdığına görə, Britaniya XİN Misirin Şarm-əş-Şeyx şəhəri aeroportunda təhlükəsizlik səviyyəsinin çox aşağı olduğu barədə Qahirəni hələ 10 ay əvvəl xəbərdar edib.
Lakin Misir tərəfi təhlükəsizliyi gücləndirmək üçün yetərli tədbirlər görməyib. Britaniya hökuməti şübhələnir ki, aeroportun əməkdaşları arasında İŞİD-ə üzv olan, yaxud bu terror qruplaşmasına simpatiya bəsləyənlər var. Bu səbəbdən aeroportun əməkdaşlarının bioqrafiyasını Britaniya tərəfinə vermək tələb olunub.
Bildirilir ki, Şarm-əş-Şeyx aeroportundan istifadə edən xarici turistlər təhlükəsizlik tədbirlərinin çox bərbad olduğunu, baqajların bəzən heç bir yoxlama aparılmadan buraxıldığını, habelə aeroport əməkdaşları arasında rüşvətin geniş yayıldığını deyirlər.
Lakin Rusiya və Misir hakimiyyətləri “Airbus-A321” təyyarəsinin terror aktı nəticəsində qəzaya uğradığına dair versiyaları hələ qəbul etmək istəmirlər.
Misir tərəfinin motivləri ayındır: təyyarənin terror aktı nəticəsində qəzaya uğraması bu ölkənin turizm sektoruna öldürücü zərbə vuracaq. Misirin turizm sektoru “ərəb baharı” təlatümlərindən sonra yeni özünə gəlməyə başlayır.
Rusiya isə qəzanın terror aktı olduğunu qəbul etsə, bu, o demək olacaq ki, Suriyada apardığı əməliyyatlara görə terrorçuların cavab hücumu ilə qarşılaşıb.
Qərb mətbuatı yazır ki, prezident Putin Ukrayna əməliyyatlarındakı itkiləri xalqdan məharətlə gizlədə bilib. Ancaq indi 200-dən çox adamın ölümünü gizlətmək mümkün deyil. Ona görə də Putinin indi bir yolu qalır: İŞİD-ə sarsıdıcı zərbə vurmaq və qisas almaq.
Mənbə:> Virtualaz.org