Ərdoğan Türkiyə sərhədləri yaxınlığında kürd muxtariyyətinə yol verməyəcək
Ankara ABŞ-ın dəstəklədiyi Suriya kürdlərinin Türkiyə sərhədlərində muxtariyyət yaratmasının qarşısını almaq üçün bütün lazımi, o cümlədən hərbi tədbirləri həyata keçirəcək.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
“Türkiyəyə heç kimin izni lazım deyil, biz lazım olan hər şeyi edəcəyik”, - Ərdoğan Suriya kürdlərinin Təl-Abyad şəhərində muxtariyyət elan etmələrini şərh edərkən bildirib.
Bununla yanaşı, Türkiyə prezidenti kürdləri etnik təmizləmədə ittiham edərək, Qərb ölkələrinin kürdləri dəstəkləməklərini terrorizmi dəstəkləməyə bərabər tutub.
Kürdlərin əsas siyasi hərəkatı Kürdistan Fəhlə partiyası və Türkiyə arasında münasibətlər iyul ayının 20-də Suruçda baş verən terror aktından sonra kəskin şəkildə pisləşdi, terror aktında 32 nəfər həlak olmuşdu, onların əksəriyyəti kürdlər idi. PKK döyüşçüləri türk hakimiyyətini islamçıları dəstəkləməkdə ittiham etmişdilər.
Mənbə:> Oxu.Az