Rusiya Suriyada hərbi cinayətlərdə ittiham olunur
“Rusiya aviasiyasının oktyabrın 15-də Suriyanın Homs vilayətində endirdiyi hava zərbələrinin ən azı ikisi müharibə qanunlarının kobud pozuntusudur”.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu bəyanatla “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı çıxış edib.
Yerli sakinlərin şahid ifadələrinə istinad “Human Rights Watch” bildirir ki, bu aviazərbələr nəticəsində 59 mülki vətəndaş, o cümlədən 33 uşaq və yerli silahlı müxalif qruplaşmalardan birinin komandiri həlak olub.
Bəyanatda deyilir ki, ən dəhşətli aviazərbə Qantu kəndinə endirilib. Asaf ailəsinin gizləndiyi ev bu aviazərbə nəticəsində yerlə-yeksan olub. Bu ailə ilə müxalif “Suriya Azadlıq Ordusu”nun komandirlərindən olan Əbu əl-Abbası yaxın qohumluq əlaqələri birləşdirir. Şahidlər bildirir ki, həmin evin bombalanması nəticəsində 46 nəfər, o cümlədən 32 uşaq, 12 qadın ölüb.
“Human Rights Watch” bəyan edib ki, həlak olanların hamısı dinc sakinlər olub, bombardmana məruz qalan ev isə cəbhə xəttindən xeyli aralıda yerləşir, orada hərbçilər olmayıb.
Hüquq müdafiəçiləri bildirir ki, bu ev böyük ehtimalla “vakuum bombası” ilə dağıdılıb. Bu bomba isə adi aviabombalardan qat-qat böyük dağıdıcı gücə malikdir.
“Human Rights Watch” onu da bəyan edib ki, Rusiya aviasiyasının hücumları nəticəsində Tər-Maaleh yaşayış məntəqəsinə də hava zərbələri endirilib. Bu zaman qəsəbədəki çörək sexi yerlə-yeksan edilib, orada işləyən 13 dinc sakin həlak olub.
Mənbə:> Virtualaz.org