Avropa Şurası Azərbaycanla əməkdaşlığı dayandırdı
AzNews.info-nun Turan Agentliyinə istinadən məlumatına görə, bəyanatın mətnində deyilir:
“Avropa Şurasının baş katibi Torbyorn Yaqland oktyabrın 7-də Nazirlər Komitəsinə Azərbaycanda insan hüquqları üzrə birgə işçi qrupda iştirakına son qoymaq qərarını açıqlayıb.
2014-cü ilin oktyabrından Avropa Şurasının nümayəndəsi Bakıda Azərbaycan vətəndaş cəmiyyəti və hakimiyyət arasında dialoqun bərpasına yönəlmiş görüşlərdə iştirak edib.
Bu təşəbbüslərə baxmayaraq, ölkədə hüquq müdafiəçiləri ilə bağlı ümumi vəziyyət həddindən artıq pisləşib.
Həbs edilmiş hüquq müdafiəçilərinin sayı artır, Avropa Şurası isə onların saxlanılma şəraitinin qəbuledilməz olduğu haqqında həyəcan doğuran məlumatlar alır.
Bununla əlaqədar olaraq, baş katib Azərbaycan prezidenti İlham Əliyevə öz qərarı haqqında məlumat verib”, deyə bəyanatda bildirilir.
Artıq Azərbaycan tərəfi də bu bəyanatı şərh edib.
Məsələ ilə bağlı işçi qrupunun üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov Trend-ə açıqlamasında bunları deyib:
“Avropa Şurasının (AŞ) baş katibi öz nümayəndəsini Nazirlər Komitəsinin Azərbaycanda insan haqları məsələsi ilə əlaqədar işçi qrupundan geri çağırmaqla dialoqa qarşı olduğunu ortaya qoydu. Yaqland nəzərə almalı idi ki, Avropa Şurası QHT deyil və bu cür emosional addım atmamalı idi. Yaxşı olardı ki, əməkdaşlığın daha geniş formada davam etdirilməsi barədə təkliflər verəydi. O, belə bir əsas gətirir ki, guya Azərbaycanda siyasi məhbuslar dözülməz şəraitdədir. Bunu deyərkən hansı informasiyaya istinad edirlər?”
O, qeyd edib ki, hətta “siyasi məhbus” olduğu iddia edilən məhbusların özləri də bəyan edir ki, saxlanma şəraiti ilə bağlı onlara heç bir təzyiq yoxdur: “Bir də ki, Yaqland və onun nümayəndəsi işçi qrupunda olmayanda, nə olacaq ki?! Bunun işçi qrupunun fəaliyyətinə heç bir təsiri olmayacaq və biz bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik”.
Mənbə:> Turan