Rusiya səfiri: Qarabağda müharibə olmayacaq
Qarabağ münaqişəsini hərbi yol ilə həll etmək mümkün deyil. O, yalnız danışıqlar masası arxasında və yalnız sülh yolu ilə həll edilə bilər.
Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 29-da jurnalistlərlə görüşdə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İvan Volınkin bildirib və əlavə edib ki, ATƏT-in Minsk qrupu və bütün dünya ictimaiyyəti buna yönəlib.
“Mən ümid edirəm ki, heç bir gərginlik olmayacaq”, - İvan Volınkin vurğulayıb.
Onun sözlərinə görə, təmas xəttində və sərhəddə baş verənlər dərin təəssüf doğurur.
“Həlak olan hərbçilərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - rusiyalı diplomat qeyd edib.
Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsinin mümkünlüyünə dair suala cavab verərkən, Rusiya səfiri qeyd edib:
“Mövzunun iki nazirin Nyu-Yorkdakı görüşündə müzakirə olunduğunu düşünürəm. Amma təəssüf ki, nəticələri bilmirəm”.
News.am-ın müxbirinin Azərbaycan tərəfindən atəşkəs rejiminin mütəmadi olaraq pozulmasının qarşısı alınması üçün ATƏT-in Minsk qrupu üçün nəyin çatışmadığını və ya nəyin edilmədiyinə dair sualına gəlincə isə İvan Volınkin bildirib:
“ATƏT-in Minsk qrupu sadəcə vasitəçidirlər. Əsas olan əlbəttə ki, iki ölkə arasındakı danışıqlardır”.
Mənbə:> Oxu.Az