Avropa miqrantların üzünə bütün yolları bağlayır – FOTO
Macarıstanın ardından Xorvatiya - Serbiya ilə sərhədlərini bağlayıb.
ANS PRESS-in məlumatına görə, Xorvatiya polisi Serbiya ilə sərhəddə səkkiz buraxılış məntəqəsinin ikinci bir əmirə qədər açılmayacağını bildirib.
Səbəb kimi isə sərhədə tərəf minlərlə miqrantın axın etməsi göstərilir.
Bundan əvvəl Xorvatiya hakimiyyəti bildirmişdi ki, Qərbi Avropaya ölkə ərazisindən keçmək istəyən miqrantları qəbul edə bilməyəcək. Bir neçə gün əvvəl macar hökuməti Serbiya ilə sərhədləri tamamilə bağlamış və ölkə ərazisinə qanunsuz yolla keçən mühacirlərin həbs olunması üçün polisə əmr vermişdi.
Minlərlə qaçqın Serbiya-Macarıstan sərhəddə yerləşən Xorqoş şəhərində çıxılmaz vəziyyətdə qalıblar. Amma mühacirlər bu vəziyyətə dözməyərək tikanlı məftilləri kəsərək Macarıstana keçməyə çalışıblar. Lakin polis gözyaşardıcı qaz və su şırnaqları ilə hücumun qarşısını alıb.
Macarıstanda polislə miqrantlar arasında qarşıdurma
Qarşıdurma zamanı mühacirlər polisə daş və küt maddələr atıblar. Bir nəfərin ağır yaralandığı qeyd olunur. Mühacirlər sərhədlərin açılması tələbləri ilə çıxış edirlər. Mühacirlər Macarıstanda qalmayacaqlarını, bu ölkədən sadəcə tranzit ölkə kimi istifadə edərək Almaniyaya gedəcəklərini bildiriblər.
Xoratiyaya keçmək istəyən miqrant uşaq
Yunanıstan polisi isə miqrantlara qarşı amansız davranır. Sərhəd məntəqsində yunan polisinin yoxlamalarda suriyalı qaçqınlara üstünlük verməməsi diğər millətlərdən olan miqrantlara pis təsir edib. Bu səbəbdən polislə qaçqınlar arasında qarşıdurma baş verib. İxtişaşlarda 20 polis əməkdaşı yaralanıb.
Avropa dövlətlərinin bəzi siyasətçiləri miqrantların qitənin dəyərlərlərinə xələl gətirəcəyini deyərərək, onlara gəldikləri yerə qayıtmaları barədə xəbərdarlıq ediblər. Digər tərəfdən isə yalnız xiristian miqrantların Avropaya buraxılması təklif edilir ki, müsəlman əhalinin qitənin demoqrafik balansının pozmasının qarşısı alınsın.
Yorğun və yaralı miqrant
Sentyabrın 23-də Avropa İttifaqının (Aİ) təcili sammiti keçiriləcək. Bu sammitdə ölkələr hərəsi nə qədər miqrant qəbul edə biləcəkləri barədə razılığa gəlməlidirlər.
Bundan əvvəl keçirilən fövqaladə iclasda 120 min qaçqının birlik ölkələri üzrə bölüşdürülməsi mexanizmi barədə qərarın qəbulunu oktyabradək təxirə salınmışdı.
Serbiya-Macarıstan sərhədi(oxla işarələnib)
Mənbə:> ANSPRESS