Serbiya millisi Bakıda çempion oldu
“Bakı-2015” birinci Avropa Oyunlarında kişilər arasında su polosu yarışları başa çatıb. Birinci Avropa Oyunlarının qalibi adını Serbiya milli komandası qazanıb.
ANS PRESS-in məlumatına görə, finalda Serbiya millisi İspaniya ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə serbiyalılar 8:7 hesabı ilə qalib gələrək qızıl medallara sahib olublar.
Bürünc medal uğrunda mübarizədə isə Yunanıstan milli komandası 11:10 hesabı ilə Xorvatiya yığması üzərində qələbə qazanaraq üçüncü yeri tutub.
Yarışların sonuncu günündə 5-6-cı yerlər uğrunda görüşdə İtaliya millisi Rusiya yığmasını 11:6 hesabı ilə məğlub edib. Bundan başqa, 7-8-ci yerlər uğrunda qarşılaşmada isə Macarıstan komandası Almaniya üzərində 15:6 hesabı ilə qələbə qazanıb.
Kişilər arasında su polosu yarışlarında sonrakı yerləri müvafiq olaraq, Monteneqro, Fransa, Slovakiya, Rumıniya, Türkiyə, Azərbaycan, Ukrayna və Malta kollektivləri tutub.
Mənbə:> ANSPRESS