“Qarabağ” savaşı başlayır…
Asəf Quliyev
Bütün baş verənlərə rəğmən Qurban Qurbanovun batalyonu bu həftədən başlayaraq Avropada yenidən tarix yazmağa başlayacaq. Bilirəm, çoxlarınız fikirləşəcəksiniz ki, “Qarabağ”ın işi çətindir. “Tottenhem”, “Monako”, “Anderlext” kimi Avropa nəhənglərinə qarşı dayanmaq asan deyil. Başa düşürəm. Amma bizim bir el misalımız da var axı: “Qoç döyüşünə qoç dayanar”.
“Qarabağ”ı qoyaq qırağa.
Məgər Azərbaycanın Qarabağ savaşında işi asandırmı. Qarşımızda Rusiya, ABŞ kimi dünyanın superdövlətləri və hamının qoca adlandırdığı, çoxbilmiş qitə Avropa var.
Avropa Parlamentinin çıxardığı qətnamədən yəqin ki, xəbəriniz var. Bu qətnamənin məğzini hamı bilir. Avropa Parlamenti hesab edir ki, Azərbaycanda demokratiya yoxdur, insan hüquqları və söz azadlığı pozulur və sairə.
Bu qətnamə barədə hamı danışdı. Bu barədə deyilənlərin böyük əksəriyyətini oxudum, dinlədim və bir məqamı deməyi lazım bildim. Erməni təbliğat maşınının fəaliyyətini izləyən və imkan daxilində analiz edən biri kimi hasil etdiyim nəticələrə görə, Qarabağın Azərbaycandan qoparılması üçün “əsaslandırılan” bir neçə məqam var.
Birincisi, ermənilər Qarabağa daha çox bağlıdır.
İkincisi, Azərbaycanın tərkibində ermənilərin təhlükəsizliyinə təminat yoxdur.
Üçüncüsü, Azərbaycanda demokratiya yoxdur və insan hüquqları pozulur deyə, ermənilər belə pozuntular olan bir dövlətin tərkibində yaşamaq istəmir.
Ermənilərin “əsaslandırmaları”nın siyahısını uzatmaq da olar. Amma hələlik bu qədər kifayətdir.
Digər “əsaslandırmalar”, bundan doğan təbliğat materialları və hətta bəzi Azərbaycan KİV-lərinin belə tələlərə düşdüyü barədə müxtəlif vaxtlarda fikirlər bildirdiyimdən onların üzərində dayanmaq istəmirəm. Üçüncü “əsaslandırma”ya diqqət yetirin - Azərbaycanda demokratiya yoxdur və insan hüquqları pozulur deyə, ermənilər belə pozuntular olan bir dövlətin tərkibində yaşamaq istəmir.
Avropa Parlamentinin Azərbaycandakı neqativlər kimi göstərdiyi faktlar ermənilərin çox həssas yanaşdığı mövzulardır.
Deməli, bu məsələdə Avropa və erməniləri birləşdirən maraqlar var.
Ümumiyyətlə, Avropa strukturlarının, xüsusən də Avropa İttifaqı və Avropa Parlamentinin Qarabağ məsələsi ilə bağlı mövqeyi aydındır və ermənilərin xeyrinədir.
Erməni təbliğat maşınının həssas yanaşdığı və dünyaya sırıdığı “reallıqlardan” biri də Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunmuş ərazi yox, müstəqil subyekt kimi dünyaya təqdim olunmasıdır. Və bu məsələdə də Avropa İttifaqı ermənilər üçün mühüm olan addımları atır. Son vaxtlar Avropa İttifaqı nümayəndələrinin Dağlıq Qarabağa səfərləri və orada qondarma rejim rəhbərləri ilə görüşləri buna bariz nümunədir. Əlbəttə, bu məsələ ilə bağlı Avropa rəsmilərinin rəsmi Bakı ilə diplomatik mükalimələr apardığı barədə informasiyalar var. Rəsmi Bakının bu məsələdə mövqeyi aydındır. Ancaq buna baxmayaraq, Avropa İttifaqı rəsmiləri belə səfər və görüşlərlə ermənilərə stimul vermiş olur. Rusiyanın Ermənistana hərbi, ABŞ-ın diplomatik dəstəyindən sonra Avropanın bu mənəvi dəstəyi əlbəttə ki, cinayətkar Sarkisyan rejiminə hava-su kimi lazımdır.
Kimsə bu səfərlərin heç nəyi dəyişmədiyini iddia edə bilər. Ancaq sadə Qarabağ ermənisinin rəğbətini tamamilə itirmiş bir rejim bu səfərlərdən sonra “görürsüz, Avropa İttifaqı da bizi müstəqil subyekt kimi qəbul edir” deyərək cinayətlərinə bəraət qazandırmış olur.
Sözsüz, ermənilərə Avropadan verilən mənəvi dəstək münaqişənin həllini uzatmaqdan başqa heç nəyə xidmət etmir.
Mən sizə Azərbaycanın Qarabağ savaşında Avropa cəbhəsinin bəzi konturlarını göstərmək istədim. Qayıdaq “Qarabağ”ın Avropa savaşına...
Bu həftədən “Qarabağ”ın Avropaya yeni demarşı başlayır.
Ötən il baş verən haqsızlıqdan sonra məni ən çox təsirləndirən kapitanımız Rəşad Sadıxovun sözləri oldu: “Bəlkə də bu, mənim son şansım idi”.
Amma zaman göstərdi ki, haqqı boğmaq elə də asan deyil. Bu il Rəşad “Qarabağ”a daha sanballı rəqiblərə qarşı mübarizədə kapitanlıq edəcək. Kimin nə deməsindən və necə qiymətləndirməsindən asılı olmayaraq, bu il “Qarabağ” Avropada tarix yazacaq. Hansı komandaya uduzacaq, hansı komandanı udacaq, bu, başqa söhbətin mövzusudur.
Mənim üçün bir reallıq var: Avropada Azərbaycanın, Ağdam rayonunun komandası “Qarabağ” oynayacaq. “Tottenhem”, “Monako”, “Anderlext” kimi nəhənglərə qarşı oynayacaq. Bax, bu, mənim üçün ən böyük qələbədir.
Bu qələbəyə görə Qurban Qurbanovu təbrik edirəm, Abdulbari Gözəli təbrik edirəm, Tahir Gözəli təbrik edirəm, Müşfiq Hüseynovu, son anda, son gülləsini atan döyüşçü kimi həlledici zərbəni vuran Riçard Almeydanı, bir vaxtlar “Qarabağ”ın əziyyətini çəkmiş Aqil Abbası, bütünlükdə “Qarabağ” heyətini və hər zaman doğma klubun yanında olan, bu gün fanklub, sabah batalyon olacaq “İmarət”i təbrik edirəm.
Dostlar, savaşa hazırsınızmı?
Mənbə:> Qafqazinfo.az