XİN-də təmizləmə davam edir
Ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq, xarici işlər nazirliyi sistemində köklü kadr və struktur islahatları aparılır, diplomatik xidmətə yararlı olmayan və fəaliyyətində ciddi qüsurlara yol verən şəxslər işdən azad edilir və digər intizam tədbirləri görülür.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, son aylar ərzində bir sıra bu kimi şəxslərin diplomatik xidmətdə fəaliyyətinə xitam verilib.
“Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov da bu sıradandır. Bu kimi bəzi başqa əməkdaşlar da vardır ki, araşdırmalara əsasən onların da barəsində müvafiq intizam tədbirləri görüləcəkdir. Maliyyə Nazirliyi və Hesablama Palatasının xətti ilə xaricdəki diplomatik nümayəndəliklərdə maliyyə təftişi və yoxlaması mütəmadi əsasda növbə ilə aparılır və bundan sonra da aparılacaqdır.
Təəssüflər olsun ki, diplomatik xidmətə yararlı olmadığı təsbit edilən və xidməti qüsurlara yol vermiş şəxslər işdən azad olduqdan sonra müəyyən məqsədlər güdərək yalan və böhtan xarakterli məlumatlar yayırlar”, - məlumatda deyilir.
Məlumatda həmçinin qeyd olunub ki, Anar Həsənovun Avstraliyada yaşayış məsələsinə gəldikdə isə bu şəxs xidməti qüsurlara görə bu ilin iyul ayında işdən azad edilib.
“Azərbaycan demokratik ölkədir və fərdlərin sərbəst hərəkəti üçün bütün şərait mövcuddur. Diplomatik xidmətdə fəaliyyətinə xitam veriımiş şəxs harada yaşaması barəsində qərar qəbul etməkdə azaddır”, - məlumatda deyilir.
Mənbə:> Oxu.Az