Mətbuata məlumat sızdıran nazirlik əməkdaşı sərt cəzalandırıldı
Azərbaycan Respublikasının Avstraliyadakı səfirliyinin keçmiş əməkdaşı Anar Həsənov adlı şəxs tərəfindən KİV-ə təxribat, böhtan və təhqir xarakterli məktub ünvanlanıb.
Bildiririk ki, Anar Həsənov Avstraliyadakı səfirliyin əməkdaşı olaraq, fəaliyyəti müddətində diplomatik xidmət haqqında qanun, XİN haqqında əsasnamənin müddəalarını və əmək müqaviləsini kobud şəkildə pozduğuna və ciddi xidməti qüsurlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilərək uzunmüddətli ezamiyyətdən geri çağırılıb.
Bu barədə Oxu.Az-a XİN-nin mətbuat xidmətindən Hikmət Hacıyev bildirib.
“Bir müddət əvvəl Azərbaycan Respublikasının Rumıniyadak səfirliyində çalışdığı müddətdə də A.Həsənovun xidməti qüsurlara yol verdiyi müəyyən edilmiş, o uzunmüddətli xidməti ezamiyyətdən vaxtından əvvəl geri çağrılmış və barəsində intizam tədbirləri görülüb.
Anar Həsənovun xidməti xarakter daşıyan bir sıra sənədləri KİV-ə ötürməsi növbəti ciddi qanun pozuntusu və məsuliyyətsiz davranışın nümunəsidir.
Xarici İşlər Nazirliyi sistemi dövlət qulluğunun xüsusi formasıdır və fəaliyyətində qüsurlara yol verən şəxslərə qarşı ciddi tədbirlər görülür”, - deyə, o, bildirib.
Mənbə:> Oxu.Az