Prezident Rusiya "təcavüzünə qarşı" birləşməyə səslədi
Ukrayna prezidenti Petro Poroşenko "azad dünyanın bütün xalqlarını" "Rusiya təcavüzkarlığına" qarşı çıxış etməyə səsləyib.
ANS PRESS-in məlumatına görə, ölkə başçısı bu barədə İkinci Dünya Müharibəsinin sona çatması ilə bağlı Kiyevdə keçirilən tədbirdə çıxış edərkən bildirib.
“İkinci Dünya Müharibəsindən qanı bahasına aldığımız dərslər hədər getməməlidir. Yetmiş il bundan əvvəl olduğu kimi indi də yalnız qüvvələri birləşdirərək işğalçını dayandırmaq olar”, - deyə Poroşenko bildirib.
Ukrayna prezidenti qeyd etdi ki, bu çətin anlarda, Ukrayna bir çox dünya və Avropa liderlərinin dəstəyini hiss edir. Buna səbəb odur ki, artıq beynəlxalq ictimaiyyət “işğalçını sakitləşdirmə” siyasətinin perspektivsiz olduğunu anlayır. Rusiya şərqi Avropadakı münaqişələrdə öz iştirakını tamamilə inkar edir və bildirir ki, Donbasda tanınmamış “xalq respublikaları” tərəfində döyüşənlər yalnız könüllülərdir.
Ukrayna İkinci Dünya Müharibəsində 10 milyona yaxın insan itkisi verib. Poroşenko xatırladıb ki, ukraynalıların nasizm üzərindəki qələbədə böyük rol oynaması Ukraynanı BMT-nin təsisçi ölkələrindən birinə çevirib.
Mənbə:> ANSPRESS