AŞPA məruzəçisi Azərbaycana gəldi
Milli Məclisdə Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri Sərsəng su anbarının vəziyyətini öyrənmək üçün ölkədə növbəti faktaraşdırıcı səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin nümayəndə heyəti ilə görüşüblər.
MM-dən Oxu.Az-a verilən məlumata görə, Milli Məclisin komitə sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin başçısı Səməd Seyidov Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi mövzusu üzrə qurumun məruzəçisi xanım Milica Markoviçin başçılıq etdiyi nümayəndə heyətinin isti yay günlərində Azərbaycana gəlişini yüksək dəyərləndirib.
O, Sərsəng su anbarının Ermənistanın işğalı altında olması nəticəsində 400 min soydaşımızın, qaçqın və köçkünün suvarma suyundan məhrum olduğunu, humanitar fəlakət şəraitində yaşadığını bir daha diqqətə çatdırıb, vəziyyəti yerindəcə görüb dəqiqləşdirmələri üçün faktaraşdırıcı missiyaya Azərbaycan tərəfinin hər cür şərait yaratmağa hazır olduğunu bildirib. S. Seyidov işğalçı Ermənistanın qəsdən AŞPA təmsilçilərinə bölgəyə getmək üçün şərait yaratmadığını vurğulayıb.
Görüşdə “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsi” mövzusu üzrə AŞPA-nın Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin məruzəçisi Milica Markoviç yay tətili günlərində onlarla görüşə vaxt ayıran Azərbaycan deputatlarına minnətdarlığını bildirib. O, Azərbaycana ötən ilin dekabrında etdiyi ilk səfərdən sonra Sərsəng ərazisinə baş çəkmək məqsədilə Ermənistana da müraciət etdiyini və indiyədək heç bir cavab ala bilmədiyini deyib. Qonaq problemə açıq münasibət bəsləyən Azərbaycan tərəfinin mövqeyinə və Sərsənglə bağlı təqdim etdiyi materiallara görə razılığını bildirib. Markoviç problemin həlli istiqamətində nəzərdə tutduğu təklifləri diqqətə çatdırıb.
Görüşdə deputatlar Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva fikirlərini bölüşüblər. Yekunda AŞPA məruzəçisi səfər proqramı barədə məlumat verib, hökumət nümayəndələri ilə görüşlərdən sonra bölgəyə yollanacaqlarını söyləyib.
Mənbə:> Oxu.Az