Yəmən qiyamçıları Səudiyyə generalını öldürdülər
Səudiyyə Ərəbistanının Silahlı Qüvvələrinin 18-ci briqadasının komandiri, general-mayor Abderrahman Saad əş-Şəhrani bazar günü - avqustun 24-də Yəmən ilə sərhəddə Səudiyyə mövqelərinin atəşə tutulması zamanı həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Saudi Press Agency krallığın Müdafiə Nazirliyinə istinadən bildirib.
General mövqelərdə yoxlamada olub. O, ağır yaralı vəziyyətdə hospitala çatdırılıb, amma onun həyatını qurtarmaq mümkün olmayıb.
Yəmən qiyamçı-housitlər Səudiyyə Ərəbistanının sərhəd ərazilərini atəşə tutmağa davam edirlər. Bu, Yəmən prezidenti Abd-Rabbu Mansur Hadiyə dəstək olan Ər-Riyadın və onun müttəfiqlərinin hərbi kampaniyasına cavabdır. Avqustun 22-də sərhəddə koalisiyanın Apache helikopteri qəzaya uğrayıb.
Yəmən hakimiyyətindən narazı olan şiə qiyamçı-housitlər 2014-cü ilin sentyabr ayında ölkənin paytaxtı Sananı işğal edərək cənuba doğru hücuma keçdilər. Bundan sonra qiyamçılar, prezident Abd Rabbo Mansurun son sığınacağı Adeni zəbt etdilər, dövlət başçısı 2015-ci ilin mart ayında Səudiyyə Ərəbistanına qaçdı.
Martın sonunda səudiyyəlilərin başçılıq etdikləri koalisiya, housitlərə qarşı hərbi kampaniya başladı, məqsəd isə Hadini hakimiyyətə qaytarmaq idi. Hava hücumları nəticəsində yüzlərlə yəmənli həlak olub.
İyulun ortasında Hadini dəstəkləyən qoşunlar Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın yardımı ilə ölkənin cənubunda yerləşən liman şəhəri Adeni zəbt etdilər, bu şəhər uğrunda döyüşlər yazdan bəri gedirdi.
Mənbə:> Oxu.Az