Qadınların cihadı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Qadınların cihadı – FOTO

Qadınların cihadı


Britaniya hökumətinin rəsmiləri bildiriblər ki, son zamanlar yayılmış xəbərlərə rəğmən “İslam Dövləti” qruplaşmasının üsul-idarəsi altında yaşamaq üçün Suriyaya mühacirət edən Britaniya vətəndaşlarının sayı pik nöqtəsinə iki il bundan əvvəl çatıb.

Bununla belə, ekstermist qrupa qoşulanların arasında qadınların nisbəti son illərdə heyrətamiz şəkildə artıb.

Görəsən, bunun arxasında nə durur və qadınları öz sıralarına qoşulmağa həvəsləndirən İŞİD-in strategiyası nədir?

Bu məsələni BBC-nin təhlükəsizlik məsələləri üzrə müxbiri Frank Gardner araşdırıb.

Qadınların cihadı


Həm də İŞİD kimi tanınan “İslam Dövləti” qruplaşmasının qadınlara münasibəti ikili xarakter daşıyır.

Bir tərəfdən, bu təşkilat kafirləri az qala yarıminsan, alınıb-satılacaq və ya cihadçı döyüşçülərə, hədiyyə ediləcək mal hesab edir.

İraqda, Mosul seks qulları bazarında ötən il əsir alınmış və çoxu azyaşlı olan yezidi qızlar üçün qiymət mübahisəsi edən silahlıların videogörüntüləri dəhşət doğurur.

Hazırda azı 2000 yezidi qadın əsirlikdədir, onlardan yalnız az bir hissəsi qaçıb qurtara bilib.

“Məhək daşı”

“Onlar bizi birbaşa satışa çıxarırdılar. Qadınları almaq üçün çox sayda döyüşçü gəlir. Onlara nə ağlamağımız, nə də yalvarışlarımız heç bir təsir eləmir” - deyir əsirlikdən qaçıb qurtaranlardan biri.

Digər tərəfdən, İŞİD özünün “xilafətini” qurmaq işində qadınlara xüsusi önəm verir.

Qadınların cihadı


“İŞİD qadınların ona qoşulmasını istəyir” - deyə Londondakı Kral Kollec Universitetinin İslam araşdırmaları eksperti doktor Katerin Braun bildirir.

“Onlar qadınlara yeni dövlətin məhək daşı kimi baxırlar və İŞİD-ə vətəndaşlar lazımdır. Ən maraqlısı budur ki, bəziləri İŞİD-i “ölüm təriqəti” sayırlar, halbuki onlar bunun tam əksini qurmağa çalışırlar. Onlar yeni dövlət qurmaq istəyirlər və onlar qadınların da bu utopik siyasətə qatılmasını istəyirlər” - deyə ekspert əlavə edir.

Bu utopiyaya fevral ayında ərəbcə dərc olunmuş traktat da daxildir. Bu, 1400 il bundan əvvəlin davranışlarını bu günə şamil edən məcəllədən ibarətdir.

Bu traktat ilk növbədə Körfəz ölkələrindən olan qadınlara hesablanıb. Burada elə maddələr var ki, Qərb insanı üçün onun dərk edilməsi belə mümkün deyil.

“Məsələn, burada qızların 9 yaşında ərə getməsi nəzərdə tutulub. Əksər pak qızlar çox gənc və fəal olduqları vaxtda - 16-17 yaşınadək ərə getmiş olmalıdır” - deyə K.Braun bildirir.

Kök atmaq

Cihadçı təfəkkürünə dərindən bələd olan keçmiş “əl-Qaidə” üzvlərindən biri də Aymən Dindir. O, zənn edir ki, İŞİD-in qadınlara yanaşması “əl-Qaidə” və “Taliban”ın yanaşmasından fərqlidir.

“Əl-Qaidədən fərqli olaraq İŞİD kökləri olan daimi cəmiyyət qurmaq istəyir. Onlar bütün müsəlman aləmindən bütöv ailələri gətirirlər. Təkcə Avropa və ABŞ-dan deyil, həm də Mərkəzi Asiyadan. Onlar “İslam Dövləti”ni ailələrlə təchiz edirlər” - deyir keçmiş cihadçı.

İnternetlə səfərbərlik daimi hərəkətdədir. Müsəlmanlara Qərbdəki rahat, lakin ziddiyyətli həyatlarından əl çəkib xilafətə gəlmələri təlqin edilir. Belə çağırışlara əksəriyyət tərəfindən maraq göstərilməsə də hay verənlərin də sayı artmaqda davam edir.

Şərqi Londonda Bethnal Green məhəlləsindəki qızlar kimi. Onlar cihadçılara ərə getmək istəyirdilər ki, özləri də statusa sahib olsunlar.

“Burada bir romantika elementi də var” - deyə Aymən Din davam edir.

Lakin o, xəbərdarlıq edir ki, burada çox vaxt hər şey faciə ilə bitir: “Cihadçının ömür uzunluğu gözləntisi bir, ya da iki aydır. Əgər qadın belə birisinə ərə gedibsə, onun taleyi nə olacaq? Əri öləcək və o, dörd ay on gün matəmdə olacaq. Əgər o, hamilədirsə, bu çox da çəkə bilər. Bundan sonra onu başqasına ərə verəcəklər, sonra yeni bir şəhid ər olacaq, daha bir dörd ay yasda keçəcək, sonra bütün bu proses təkrar olunacaq. Bu, xoşbəxt bir həyat deyil, rəzalətdir”.

Sosial medianın rolu

Lakin Taliban və “əl-Qaidə”dən fərqli olaraq İŞİD bir çox qərbli qadın səfərbərlərə sosial mediada önəmli rol oynamağı etibar edib.

Onların arasında, yəqin ki, ən çox tanınanı Qlazqodakı ailə evindən qaçaq düşən və özünü Üm-Leys adlandıran 20 yaşlı qadındır.

O, fanidən baqiyə qovuşmaq üçün Britaniyadakı ailələrini atmaq fikrinə düşmüş qadınlar arasında məsləhətlərini yaymaqla məşhurlaşıb.

Oksford Universitetinin norveçli tədqiqatçısı Mahrux Əli İŞİD-də qadınlar və təbliğat məsələləri üzrə ekspertdir. O deyir ki, təşkilat planlı şəkildə qadınlara internetdə önəmli rol tanıyıb.

Qadınların cihadı


“İŞİD qadınlardan “Taliban” və “əl-Qaidə”dən fərqli olaraq daha geniş istifadə edir. İnternetdə hər gün 100 minədək İŞİD-ə rəğbətli tvit dolaşır və bu tvitlərin çoxu Qərb cəmiyyətlərindən təşkilata qoşulan qadınlara məxsusdur” - deyə M.Əli bildirir.

Tədqiqatçılar deyirlər ki, Türkiyə sərhədindən keçərək İŞİD-in nəzarətində olan əraziyə gələn qadınlar çox tezliklə onlar üçün burada ayrılmış roldan pərt olurlar.

Subay qadınlar adətən onların dillərində danışan başqa qadınlarla birlikdə qapalı evlərdə saxlanır və dini təlim alırlar. Bundan sonra onlar üçün mümkün qədər tez ər tapmağa çalışırlar.

Əldə “Kalaşnikov” döyüş meydanlarına çıxmaq kimi arzuların üstündən çox tezcə xətt çəkilir. Lakin əlbəttə, onlardan bəziləri Raqqa və Mosul kimi şəhərlərdə yalnız qadınlardan ibarət Xənsa briqadalarına qoşula və İslam qaydalarının tətbiqində iştirak edə bilərlər.

“Onlar geyim qaydalarına əməl etməyənləri qəddarcasına qamçı ilə döymələri ilə tanınırlar” - deyir doktor Katerin Braun.

K.Braun deyir ki, məsələn, onlar ictimai yerlərdə uşaq əmizdirənlərin döşlərinə heyvan tələləri yapışdırırlar.

Lakin ən kədərli fakt budur ki, onların xilafəti İŞİD-ə beynəlxalq bədnamlıq qazandırmış qəddarlıqdan və tükürpədən əməllərdən o yana keçmir.

Mən keçmiş cihadçı Aymən Dindən soruşuram ki, İŞİD indi də qrupun yaşarlığı üçün qadınları mühüm sayırmı.

A.Dinin cavabı belə olur: “Əlbəttə. Bu barədə heç sual da ola bilməz. Onlar bu cəmiyyətin yarısını təşkil edirlər. Onlar bir çox sahələrdə mühüm rola malikdirlər. İstər səhiyyə, istər təhsil, istərsə də Vergi Nazirliyi olsun. Elə buna görə də onların “İslam Dövləti”nin mövcudluğu üçün həyati əhəmiyyətləri var”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *