Qüdsdə yəhudi ekstremizmi
Qüdsdə yerləşən Əl-Əqsa məscidini mühafizə edən fələstinlilər yəhudi fəallarının onun üzərində İsrail bayrağını sancmaq cəhdinin qarşısını alıb. Bu bərədə Fələstinin "Əl-Qüds" qəzeti xəbər verib.
Qəzetin məlumatına görə, bir qrup ekstremist orada bayraq sancmaq məqsədilə "Əl-Haram Əş-Şərif" məbəd kompleksinin ərazisinə daxil olub. Fələstinlilər İsrail polisinə radikalların qarşısını almaq xahişi ilə müraciət etsə də bunun üçün heç bir tədbir görülməyib. Baş verən qarşıdurma sonradan toqquşmaya çevrilib.
Livanın "Əl Məyaddin" telekanalın verdiyi məlumata görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yeddi nəfər fələstinli saxlanılıb.
"Əl-Haram Əş-Şərif" məbəd kompleksinin statusu Qüdslə yanaşı Fələstin-İsrail münasibətlərinin ən mübahisəli məsələlərindən biridir. Burada yerləşən Əl-Əqsa məscidi dəfələrlə yəhudi ekstremistlərinin hücumlarına məruz qalıb.
Mənbə:> ANSPRESS