Davudoğlu: Anadolunun minlərlə, yüz minlərlə aslanı ayaqdadır
İyulun 7-dən bu günədək Türkiyədə 657 terror hadisəsi törədilib, İŞİD, PKK və DHKP-C (Devrimci Halk Kurtuluş Partisi-Cephesi) genişmiqyaslı hücumlara başlayıb.
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu təmsil etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında bildirib.
Davudoğlu üçayaqlı hücumun ilk hədəfinin Türkiyə dövləti, demokratiya, insan haqları olduğunu bildirib.
“Hücumun ikinci hədəfi ictimai asayiş, üçüncü hədəfi isə Türkiyənin beynəlxalq etibarıdır”, - deyə, o, bəyan edib.
Davudoğlunun sözlərinə görə, “bəziləri bəyanatımıza cavab verməsələr də, AKP kadrları ayaq üstə olduğu vaxtda Türkiyə demokratiyası da ayaq üstədir və ayaq üstə olmaqda davam edəcəkdir”.
“Bir şəhit versək, o şəhidin ölümünə səbəb şəxslərə qarşı bütün zəruri addımları davam etdirəcəyik. Bizim səbr kasamızı daşdırmasınlar. Bir aslanımızı itirə bilərik, lakin Anadolunun minlərlə, yüz minlərlə aslanı ayaqdadır və ayaqda qalmaqda davam edəcəkdir”, - deyə, o, bəyan edib.
Davudoğlu bəyan edib ki, Türkiyənin 3 deyil, 33 terror qruplaşması ilə mübarizə aparmağa gücü var:
“Və biz bu qüdrətimizi göstərəcəyik”.
Mənbə:> Oxu.Az