Türkiyə prezident administrasiyasından Ayasofiya açıqlaması
Türkiyə prezident administrasiyası Ayasofiya məscidinin ibadətə açılacağı barədə yayılan iddialara cavab verib.
ANS PRESS-in məlumatına görə, prezident adiministrasiyasının mətbuat xidməti bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ölkədə, prezident Rəcəb Tayyib Ərdoğanın sürpriz edəcəyi və İstanbulun fəthi günü (29 may) Ayasofiya məscidini cümə namazı vaxtı ibadətə açacağı barədə iddialar yayılmışdı.
Xatırladaq ki, 1453-cü ildə Osmanlı padşahı II Mehmet (Fatih) tərəfindən İstanbulun fəth edilməsi ilə Ayasofiya kilsəsi məscidə çevrilib və 482 il bu istiqamətdə fəaliyyət göstərib. 24.11.1934-cü ildə isə Atatürkə istinad edilən sərəncamla muzeyə çevrilib və 1 fevral 1935-ci ildən ibadətə bağlanıb.
Milliyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili, tarix professoru və Türk Tarix Qurumunun sabiq sədri Yusuf Halaçoğlu isə həmin sərəncamda olan Atatürk imzasının saxta olduğunu, Ayasofiyanın Atatürk tərəfindən qapadılmadığını iddia etmişdi.
Mənbə:> ANSPRESS