Ramil Usubov bu qəhrəman polislə və fotoqrafla görüşdü
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı cəsarət və fədakarlıq göstərərək tüstüdən boğulan körpəni alovların içindən sağ-salamat çıxardığına görə dünyanın nüfuzlu media orqanları tərəfindən “qəhrəman polis” adlandırılan polis əməkdaşı Elvin Abışovu və ekstremal şəraitdə peşə borcunu ləyaqətlə yerinə yetirərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən fotomüxbir Orxan Əzimovu qəbul edib.
DİN-in mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, xidməti və vətəndaşlıq borclarını layiqincə yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirən nazir fərqlənmiş əməkdaşların, o cümlədən təxliyə və xilasetmə işləri zamanı müxtəlif dərəcəli xəsarətlər alan, hazırda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicəsini davam etdirən Çevik Polis Alayının əməkdaşı Şahin Qocayevin mükafatlandırılması barədə müvafiq əmrlər imzaladığını bildirib.
Daxili işlər naziri yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunmuş dövlət qurumlarının, o cümlədən polisin fədakar xidmətini yerli və xarici KİV-lərdə obyektiv şəkildə işıqlandırdığına görə "Report.az" İnformasiya Agentliyinin fotomüxbiri Orxan Əzimova Daxili İşlər Nazirliyinin "Fəxri fərmanı"nı da təqdim edib.
Mənbə:> Virtualaz.org