Qlobal media trendləri və divar qəzetindən dövlət siyasətinə gedən yol - Nərmin Şamilbəyli yazır
Orta məktəbdə əksəriyyətimiz divar qəzetləri hazırlayardıq. Həm rəsmini, həm adını, həm tərtibatını, həm də yazıların mövzusunu seçir, müəllif özümüz olurduq. Bir çoxlarımız üçün bu bir növ jurnalistikaya olan ilk addımlar, maraqlar idi həm də. Böyüdük, ətrafımızdakı bir çox şeylər də böyüdü, dəyişdi və qloballaşdı. Yeni-yeni terminlər də yarandı: Media.
Qloballaşan dünya isə hər sahədə olduğu kimi mass-mediada da yeni trendlər yaratdı və yaradır. Medianin ilk vətəni Avropadır, bu gün media sahəsində dünyada ən fərqli və maraqlı təqdimatlarla çıxış edən isə Amerikadır. Amerikalılar mediaya pərəstiş edirlər, ən yaxşı reportyorlar və jurnalistlər isə Qərb kütləsi üçün aktyor, idmançı və ya musiqiçilərdən heç də fərqlənməyəcək şəkildə ulduz hesab olunurlar. Beləcə Qərb öz maraqlarını da, siyasət və diplomatiyasını da media vasitəsilə təbliğ edir, bir çox bölgələrdə isə təsir belə edə bilir.
Bəs görəsən ölkəmizdə bu qlobal trendlərə uyğun fəaliyyət, strategiya varmı? Mövcud olan media gözləntiləri, boşluqlar və səbəblər nədir?
1. İnternet mediası - Azərbaycan mediasındakı ən güclü vasitədir, eyni zamanda ən böyük boşluqlar da daha çox bu sahəylə bağlıdır:
- Onlayn mediada qeyri-peşəkar kadrlar və fəaliyyət
- Sifarişli yazılar
- İctimai rəylərin kütləyə mənfi tərəfdən istiqamətləndirilməsi
- Dezinformasiya və reytinq
- Jurnalistika ambisiya vasitəsi kimi
2. Televiziya jurnalistikası – Açıq şəkildə dövlət maraqlarını müdafiə edən və daha geniş tamaşaçı kütləsini əhatə edən bir media vasitəsidir. Lakin ölkəmizdə vəziyyət nisbətən fərqlidir, çünki televiziya kanalları daha çox bayağı programlar və qeyri-peşəkar aparıcıları, mövzuları gündəmə gətirdiyindən geniş tamaşaçı kütləsi daha çox sosial media və internet televiziyalarından istifadə edir. Bu da öz növbəsində Vətəndaş Jurnalistikasının genişlənməsinə şərait yaradır.
3. Vətəndaş jurnalistikası və ya Vətəndaş mediası - həm də qeyri-peşəkar journalistika fəaliyyəti, sosial media istifadəçiləri və daha demokratik media təqdimatları özündə birləşdirir, dünyada ən geniş yayılan media vasitəsidir. Gənclərin və kütlənin düzgün və ya yanlış tərəfdən istiqamətləndirilməsində mühim rol oynayır.
4. Jurnalistika prinsipləri və Media etikası - Yeni nəsil jurnalistlərin demək olar ki bu sahədə nəzəri bilgisi və təcrübəsi belə yoxdur. Buna aid isə Erik Fichteliusun "Jurnalistikanın 10 qızıl qaydası” nı oxumaq tövsiyyə olunur.
Unutmayaq ki, demokratik cəmiyyət və azad media yalnız səlahiyyət deyil, həm də məsuliyyətdir. Media həm də 4-cü hakimiyyətdir. Buna görə də media hakimiyyətin və ya hər hansı bir "əlavə təsir”in aləti deyil, ayrıca bir hakimiyyət olmalıdır ki, orda cəmiyyətin inkişafı və demokratiyadan söhbət gedə bilsin.
5. "Qonzo jurnalistikası” – ölkəmizdə son zamanların ən geniş yayılmış media üslubudur. (Hətta barəsində hər birimiz bilməsək belə). Yaradıcısı amerikalı yazıçı-jurnalist Xanter Tompson hesab olunur ("Las Veqasda qorxu və iyrənclik” romanı). Bu janr yumor, sarkazm, sitat, vulqarizmdən çox bəhrələnən və "emosional-dəlisov”, qalmaqallı üslubuyla tanınan "media qəhramanları”na aiddir (lakin reytingi üstünlük təşkil edir). Bu trenddən daha cəld və sürətli şəkildə publikanı ələ ala bilmək və istənilən oxucu kütləsinə təsir edə bilmək üçün istifadə edilir.
6. Araşdırma jurnalistikası – bu sahədə kadr, məlumat və fəaliyyət zəifdir, halbuki əhəmiyyətli rolu olduqca böyükdür. Lakin sahənin bir hissəsi olan "kriminalogiya jurnalistikası” son zamanlar geniş yayılmışdır və əksər hallarda qeyri-peşəkarlığa əsaslanan kadrlar tərəfindən təqdim edilir. Dünyanın bir çox ölkələrində isə "dedektiv jurnalist” missiyası da mövcuddur.
7. Beynəlxalq jurnalistika - Nə üçün lazımdır və önəmlidir? Beynəlxalq proseslər siyasi motivlərə əsasən fərqli təqdim edildiyi üçün hər bir regionun beynəlxalq jurnalistikaya, bu sahədən olan kadrların hazırlanması və fəaliyyətinə çox böyük ehtiyac var. Sözügedən münaqişələr və danışıqlar, strategiya və diplomatik missiyalarda, lobbi siyasətində beynəlxalq jurnalistika öz töhvəsini verə bilər. İnformasiya müharibəsinin getdiyi bir dönəmdə informasiya siyasəti vacibdir. Azərbaycan Qarabağ münaqişəsinin həllində beynəlxalq standartlara əsaslandığı kimi beynəlxalq jurnalistikanın gücündən də istifadə edərək prosesi tənzimləyə və öz xeyrinə həll edə bilər. Bu sahə universitetlərdə tədris olunsa da, ayrıca bir "məktəb-komitə” kimi fəaliyyət göstərə və kadrlar yetişdirə bilər. Nələr tədris olunmalı və təcrübə edilməlidir:
- Beynəlxalq münasibətlər
- Beynəlxalq hüququn əsasları
- Beynəlxalq öhdəlik və normalar
- Jurnalistikanın sosialogiyası
- İnformasiya siyasəti
- Xarici dil bilgiləri (rus-ingilis dilləri vacibdir)
- Diplomatik müraciət və yazışma qaydaları
- Həmçinin fərqli bölgələrin etnoqrafiyası, mədəniyyəti, tarix və coğrafiyası, adət-ənələri və s.
Vacib olan məsələlərdən biri isə odur ki, jurnalistin öz nöqteyi-nəzəri, dərin biliyi, müstəqil fəaliyyəti və güclü xarakteri olmalıdır. Jurnalist qərəssiz və obyektiv olmalıdır, lakin müəyyən məsələlərdə də milli maraqları nəzərə almalı və buna xidmət etməlidir. Ölkədə əksər KİV-lərə, Media qurumlarına ciddi nəzarət, bəzən də müdaxilələr var. Bu da öz növbəsində dövlət maraqları və təhlükəsizlik məsələləri ilə bağlıdır. Buna görə də dövlət medianın ayrıca bir "hakimiyyət”, silah olduğunu nəzərə alıb prosesə nəzarət etmək və tənzimləmək üçün müstəqil, progressiv medianın formalaşmasına səy göstərməlidir ki, milli maraqları da qoruya bilsin. Məsələn, prosesə hətta tədris ocaqlarından, məktəblərdən və ən əsası televiziyalardan start verə bilər. Təbliğat strategiyası , dövlətçilik və milli maraqlar, dəyərlər cəmiyyətə düzgün aşılanarsa vətəndaş dövlət üçün, dövlət də vətəndaşı üçün formalaşar. Çünki xalq bir güzgüdür, nəyi göstərərsənsə, onu da əks etdirər. Uinston Çörçilin dediyi kimi: "Uğurlu dövlət siyasəti yalnız gələcək seçkilərə deyil, həm də gələcək nəsillərə xidmət göstərir.”
Nərmin Şamilbəyli
Mənbə:> AzNews.info