Əli Həsənov: Rusiyaya görə Türkiyə və Azərbaycandan qisas alırlar
Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə Avropa Parlamenti tarixində ən biabırçı, heç bir həqiqəti əks etdirməyən, I Dünya müharibəsinin real tarixini təhrif edən, ədalətsiz, xüsusi məqsəd daşıyan və siyasiləşmiş bir qərardır.
Bu qətnamənin anti-müsəlman və anti-türk ovqatından qaynaqlandığı şübhə doğurmur.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənovun fikrincə, bu qərarın qəbul edilməsi onu göstərdi ki, hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Parlamentində ikili standartlar və islamofob əhval-ruhiyyə hökm sürür:
“Neçə illərdir biz bütün dünyaya, həmçinin Avropa ölkələrinə və qurumlarına yarası hələ sağalmamış Xocalı soyqırımı haqqında həqiqətləri, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırırıq.
Amma bunun qarşılığında Avropa ölkələri, Avropa Parlamenti, Avropa Şurası kimi qurumlar məsələ ilə bağlı obyektiv, real yükü olan heç bir qərar qəbul etməyiblər. Tarixi faktlar, sənədlər təsdiq edir ki, 1915-ci ildə Türkiyə ərazisində ermənilərə qarşı heç bir soyqırım olmayıb.
Türkiyənin müharibəyə cəlb olunduğu həmin dövrdə ermənilər çoxsaylı silahlı dəstələr yaradaraq arxa cəbhədə üsyan qaldırıblar, türk ordusuna qarşı hücumlar təşkil ediblər, ayrı-ayrı şəhər və qəsəbələrdə kütləvi qətllər törədiblər, əhaliyə qarşı qeyri-insani aksiyalar həyata keçiriblər.
Təbii ki, türk ordusu da dinc əhalini müdafiə etmək, onları erməni vəhşiliklərindən qorumaq üçün lazımi tədbirlər görüb. Ermənilərin bu və ya digər ərazilərə köçürülməsi zamanı da heç bir soyqırım baş verməyib, sadəcə, müharibə şəraitinin tələblərinə müvafiq olaraq həyata keçirilən aksiyalar öz sərtliyi ilə seçilib. Buna görə hazırda tarixi reallığı təhrif edərək, heç bir fakta istinad etmədən, o dövrün arxiv materiallarını araşdırmadan bir qrup siyasətçinin, deputatın ötən əsrin əvvəlində baş verən hadisələri qiymətləndirməsi kökündən yanlışdır.
“Erməni soyqırımı” haqqında iddialar subyektiv mülahizələrə söykənib, islamofob, anti-müsəlman və anti-türk meyllərin güclənməsinin təzahürüdür. Bu, həm də müasir dünyada, xüsusən Qərbdə hökm sürən ikili standartların nəticəsidir. Təbii ki, Qərbin ayrı-ayrı dairələrinin tarixi təhrif etmək və müsəlman dünyası haqqında yanlış təsəvvür formalaşdırmaq cəhdləri pislənilməli, bütün iddialar konkret faktlar əsasında cavablandırılmalıdır.
Tərəqqipərvər bəşəriyyət bilir ki, belə hadisə olmayıb və bu kimi qərarlar və qətnamələr yalnız ayrı-ayrı dairələrin öz maraqlarını təmin etmək cəhdlərinin nəticəsi olaraq meydana çıxır. Həmin dairələr hazırda Rusiyaya qarşı formalaşdırılan birliyə qoşulmadıqlarına görə Türkiyə və Azərbaycandan qisas alırlar. Biz belə yalanlarla, “qara piar” kampaniyaları ilə “Avroviziya” mahnı müsabiqəsi zamanı, Ramil Səfərov Azərbaycana ekstradisiya olunarkən qarşılaşmışıq və indi də I Avropa Oyunları ərəfəsində həmin dəst-xətti açıq müşahidə edirik”.
Ə.Həsənov qeyd edib ki, bu qətnamə Avropa Parlamentinin birinci belə subyektiv, anti-islam, anti-türk və anti-Azərbaycan mahiyyəti kəsb edən qərarı deyil:
“Yəqin ki, gələcəkdə də biz bu tipli “qərarların” şahidi olacağıq. Nə Azərbaycan, nə də Türkiyə özlərini anti-Qərb mövqeyində hiss etmirlər və Qərblə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdırlar. Amma təəssüf ki, son zamanlar həm ABŞ-da, həm də Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürməkdədir. Onlar israrla müsəlman dünyasını yanlarında deyil, qarşılarında görmək istəyirlər. Bu siyasətin Qərbə nə verəcəyini tarix özü göstərəcək. Amma biz dövlət olaraq imkan verə bilmərik ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların beyninə yeridilsin”.
Ə.Həsənovun sözlərinə görə, bu qərardan sonda Azərbaycan Avropa Parlamenti ilə münasibətlərinə yenidən baxmalı olacaq:
“Azərbaycan Avropa Parlamentinin “Avronest” qrupunda fəaliyyətini dayandırıb. Belə getsə, Avropa Parlamenti ilə bütün əlaqələrə yenidən baxmalı olacağıq”.
Mənbə:> APA