“Hətta çevriliş planımız olsa da bunu sizlərə açıqlayardım?...”
ABŞ prezidenti Donald Tramp və administrasiyası İranda rejimin hərbi yolla dəyişdirilməsi planını nəzərdən keçirmir.
Virtualaz.org xəbər verir ki, bu haqda dövlət katibi Mayk Pompeo Amerikadakı iranlı icması ilə keçirdiyi qapalı görüşü zamanı deyib. Görüş haqda “Axios” internet portalı öz mənbələrinə istinadən xəbər verir.
Qeyd olunur ki, Mayk Pompeo görüşdə ABŞ-ın İran rejiminin siyasi dayanıqlığı fonunda bu ölkə ilə bağlı son məqsədinin nədən ibarət olduğu haqda suala cavab verib. Dövlət katibi deyib ki, administrasiya “rejimin dəyişdirilməsi” kimi terminlərdən istifadə etməməyə çalışır. Bundan sonra Pompeo əlavə edib ki, Vaşinqton İrana hərbi müdaxilə də planlaşdırmır.
“Əgər biz hətta çevriliş imkanını nəzərdən keçirsəydik belə fikrinizcə bunu sizə deyərdim?”-Pompeo auditoriyanın gülüş sədaları altında deyib.
Habelə qeyd olunur ki, Pompeo özü İranın bütün müxalif qüvvələrinin birləşdiyi milli müqvimət Şurası ilə yaxınlaşmağa can atmır. Onun bu mövqeyi prezidentin milli təhlükəsizlik müşaviri Con Boltonun mövqeyindən fərqlənir. Bununla belə Pompeo qeyd edib ki, Trampın tətbiq etdiyi sərt sanksiyaların İran xalqına zərər verməyəcəyinə təminat verə bilməz.
Bu arada “Washington Post” qəzeti yazır ki, Mayk Pompeo İranın neft ixracını tamamilə qadağan edən qərarı açıqlayacaq. Həmin qərara əsasən indiyə qədər İrandan neft almağa icazəsi olan 8 ölkə, o cümlədən Türkiyə, İtaliya, Yunanıstan və Yaponiya bu güzəştdən məhrum edilməlidir. Pompeo qərarı bu gün açıqlayacaq, qadağa mayın 2-dən qüvvəyə minəcək. ABŞ-ın ötən il tətbiq etdiyi sanksiyalara görə İrandan neft alan ölkələr Vaşinqtonun sanksiyalarının təsiri altına düşür.
Mənbə:> Virtualaz.org