Rusiyada dələduzlar Elman Rüstəmovun fotosu ilə pensiyaçıları necə aldadır... – VİDEO
Rusiyada pensiyaçılara hüquqi xidmət göstərmək adı altında firma açıb əslində onları aldadan firma Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun fotosundan istifadə edir. Virtualaz.org xəbər verir ki, bu dələduzluq əməli barədə “Vesti NSK” (“Vesti Novosibirsk” ) kanalının reportajında bəhs edilir.
Reportaja əsasən hansısa özəl firma Novosibirskdə pensiyaçılara pensiyalarının artırılması üçün hüquqi xidmətlər vəd edir. Firmanın reklamlarında bu məsələdə pulsuz hüquqi məsləhətlər təklif olunur. KİV-lərdə fəal şəkildə reklamlar yerləşdirən firmaya müraciət edən yaşlı adamları pensiyalarının artırılması perspektivlərinə inandırırlar. Və dərhal təklif edirlər ki, müqavilə bağlasınlar. Amma müqavilə bağlamaq üçün ödəniş etmək lazımdır.
Qalina Zommer adlı pensiyaçı danışır: “Dedilər tez imzalayın! Mən heç oxumağa da imkan tapmamışdım, deyirəm bəlkə müqaviləni götürüb evdə oxuyum. Deyirlər yox, gərək elə bu gün, elə indi imzalayasan, yoxsa “aksiyaya” düşməyəcəksən. Adamlara inanmağa vərdiş etmişəm. İmzaladım, getdim. Yaxşı ki, üstümdə pul az idi, min rubl əvvəlcədən ödəniş elədim, vəssalam. Evə gələndə eynəyimi taxıb həmin müqaviləni oxumağa başladım. Baxıram ki, orada yazılıb: ödəniş ancaq ərizənin tərtib edilməsinə görədir. Ərizə tərtib etməyə görə 10 min rubl!”
Moçişe stanitsasının sakini olan Qalinanın iş stajı çoxdur, amma təlatümlü 90-cı illərdə onun barəsində məlumatların bir çoxu itirilib, üstəlik maaşı da az olub. Nəticədə hazırda yaşayış minimumundan aşağı pensiya alır. Qadın yerli telekanallarda “Pensioner” adlı hansısa hüquq firmasının reklamlarını görüb və ona müraciət etməyi qərara alıb.
“Dedilər sizin pensiyanız haradasa 12 min rubl olmalıdır. Söhbətdən sonra dedilər ki, istəsəniz biz sizin maraqlarınızı Pensiya Fondunda təmsil edərik və lazım olsa daha sonra məhkəməyə müraciət etməkdə kömək göstərərik, amma bunun üçün 10 min rubl ödəmək lazımdır”-qadın danışır.
Müqavilədə isə yazılıbmış ki, söhbət ancaq pensiyaçının adından Moskvaya, Pensiya Fonduna ərizə yazmaqdan gedir. Digər hüquqi xidmətlər barədə isə müqavilədə heç nə yoxdur.
Pensiya Fondunun yerli şöbəsində isə pensiyaçılara məsləhət görürlər ki, belələrinə aldanmasınlar. Çünki Moskvaya göndərilən ərizələr istənilən halda onlara geri qayıdır. Axı Novosibirsk pensiyaçılarının barəsində məlumatlar yerli şöbədə saxlanılır. Üstəlik pensiya məbləğinə yenidən baxılması üçün təkcə ərizə bəs eləmir, bunun üçün sənədlər, sübutlar lazımdır.
Maraqlıdır ki, Novosibirsk sakinlərini aldadan firma Kalininqrad vilayətində qeydiyyatdan keçib. Və kifayət qədər geniş coğrafiyada pensiyaçılara “hüquqi xidmətlər” göstərir. Firma aparıcı hüquqşünasları qismində isə “tavandan götürülmüş” adları göstərib. Məsələn, firmanın aparıcı hüquqşünasları qismində Latviyadan olan həkim-psixoterapevtin və hətta Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun fotosu yer alır.
Firmanın direktoru qismində isə Yelena Valeryevna Yarmoliç göstərilir.
Mənbə:> Virtualaz.org