Hər gün təmasda olduğunuz kassa qəbzlərinin xərçəng yaratdığını bilirdinizmi...
Mağazalarda, bank və digər obyektlərdə ödəniş edərkən aldığımız kağız qəbzlər xərçəng xəstəliyinə səbəb ola bilər. Tədqiqatçılar iddia edirlər ki, belə kassa çeklərinin tərkibində kanserogen, hormonal tarazlığı pozan maddələr var.
Virtualaz.org xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Qəzetin yazdığına görə, hazırda bütün dünyada qəbzlər BRA (Bisfenol A) kimyəvi maddəsi vurulan termal kağızda çap olunur. Qəbzlərə bu təhlükəli maddə ona görə vurulur ki, onları çap edən zaman mürəkkəbdən çox istifadəyə ehtiyac qalmır və daha tünd görünür.
Bisfenol maddəsindən həmçinin plastik butılka və qida qablarının hazırlanmasında da istifadə olunur. Tərkibində sözügedən kimyəvi maddə vurulmuş qəbz isə hormonlarla bağlı olan xərçəng növlərinə, sonsuzluğa, autizmə, sürətli piylənməyə, ikinci tip diabetə və digər xəstəliklərə səbəb ola bilər.
İspaniyanın Qranada Universitetinin rəhbərliyi ilə beynəlxalq tədqiqatçılardan ibarət qrup Braziliya, İspaniya və Fransadan olan 112 qəbz və biletlər üzərində araşdırma apararaq bu qənaətə gəliblər. Universitetin professoru Nikolas Oleanın sözlərinə görə, bu kağız növü istilik mənbəyinə, məsələn, kibritə yaxınlaşdıqda tamamilə qaralır.
“Environmental Research" dərgisinin yazdığına görə, Braziliya və İspaniyadan toplanan qəbzlərin 90 faizdən çoxunun tərkibində bisfenol maddəsi tapılıb. Fransadan gətirilən qəbzlərin isə yarısının tərkibində sözügedən maddə aşkarlanıb.
Oxşar araşdırma ötən ilin yanvar ayında ABŞ-ın Miçiqan ştatında “Ekoloji Mərkəz” qeyri-hökumət təşkilatı tərəfindən aparılmışdı. Tədqiqatçılar 2017-ci ilin yanvar ayından aprel ayına qədər müxtəlif təşkilatların - ərzaq mağazalarının, yanacaqdoldurma məntəqələrinin, kinoteatrların, kitabxanaların 207 qəbzini analiz ediblər. Belə qənaətə gəlinib ki, saatda 30-a yaxın qəbzlə işləyən kassir və ofisiantların qanında və sidiyində adi insanla müqayisədə bisfenolun miqdarı xeyli yüksəkdir.
Qranada Universiteti
Araşdırmaçılar hesab edirlər ki, əhali ölkə rəhbərliyi bu problemlə bağlı gərəkli addımlar atana qədər həmin qəbzlərdən imtina etməlidir. Artıq İspaniya hökuməti 2020-ci ilə qədər qəbzlərin tərkibinə BRA vurulmasının qarşısının alınacağı ilə bağlı vəd verib. Fransa hökuməti isə 2014-cü ildən termal kağızların qarşısının alınması ilə bağlı hərəkətə keçib.
Ona görə də, qəbzlərlə daha ehtiyatlı davranmaqla bağlı əhaliyə xəbərdarlıq edilib. Tədqiqatçılar bildirirlər ki, qəbzləri çantada, pul qabında, cibdə və digər yaxın təmas olunan yerlərdə saxlamaq orqanizm üçün təhlükəlidir. Bu qəbzlərin digər bir xüsusiyyəti isə, bir müddətdən sonra üzərindəki yazıların silinməsidir. Məsələn, mağazadan alınan hər hansı əşyanı bir neçə gündən sonra geri qaytardıqda, kassir müştəriyə heç bir şey görə bilmədiyini söyləyir. Əksər hallarda isə çantadan belə bir çek tapıldığında gözə görünən ancaq havadakı ağ toz olur. Yəni, BRA barmaqlarımıza yapışan ağ tozdur.
Məlumdur ki, bu cür termal kağızlardan Azərbaycanda da geniş istifadə olunur. Mağazalar, banklar, əyləncə mərkəzləri, restoranlar və demək olar ki, bütün kommunal xidmətlərə ödənişlə bağlı əhaliyə məhz belə qəbzlər verilir. Bisfenol A maddəsi sərt plasmasın tərkibində, uşaq oyuncaqlarında, DVD, CD disklərdə, hətta bəzi usaq əmziklərinin tərkibində var. BRA saxta hormon kimi davranaraq hormonların funksiyalarına mənfi təsir edir. Xüsusən uşaqlar bu maddəyə qarşı daha həssas olurlar. Bu qədər böyük əks təsiri olan maddəni təhlükəsiz alternativlə əvəzləmək mümkündürmü?
Həkim Adil Qeybulla deyir ki, kassa qəbzlərini elektron variantla əvəzləməklə təhlükənin qarşısını almaq mümkündür. Onun virtualaz.org-a bildirdiyinə görə, müxtəlif plastik qablarda şüa altında, günəşin təsirindən və digər müxtəlif təsirlərdən bioksin adlanan adlı toksin əmələ gəlir. Bu maddə də orqanizm üçün çox təhlükəlidir. Kassa qəbzləri ilə bağlı da oxşar problemdir.
“Bu təkcə kassa qəbzlərinə aid deyil, bütün leybl, ultrasəs aparatlarında oxşar problem var. Problem həmin kağızların hazırlandığı texniki materialddır. Bunun əhaliyə böyük kanserogen təsiri ola bilər. Hazırda dünyada bu cür tədqiqatlar gedir və müəyyən dövrdən sonra Ümumdünya Səhiyyə Təşkilatında bir rəy formalaşır. Onun da əsasında qərar verilir ki, bunlar qadağan olunsun, ya yox. Yəqin ki, yoxlamalar bu nəticəyə gəlib. Əgər belə bir qənaətə gəlinibsə, biz də ona qarşı bir tədbir görə bilərik. Əvvəl kassa çekləri yox idi, dünya dağılmırdı ki... Başqa bir variant , məsələn, elektron variant seçilə bilər”, - A. Qeybulla bildirir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə virtualaz.org-a açıqlamasında qeyd edir ki, bütün dünyada buna bənzər həddindən çox problem var. Hələ ki, qeyd olunan problemin qarşısının alınamsı üçün heç bir cəhd olunmayıb: “Biz istehlakçılar çox sadəlövhük, elə bilirik ki, bizim sağlamlığımızın keşiyində duran qüvvələr var, standartlar bizi qoruyur. Əslində isə, bunlar hamısı yalandır. Dünyada heç bir hökumətə onun əhalisinin 80 faizinin pensiyaçı olması, uzunömürlü olması lazım deyil. Lakin ayrı-ayrı ölkələrdə istehlakçı təşkilatlarının belə məsələlərdə təşəbbüslərlə çıxış edirlər. Azərbaycanda da belə problemlər çoxdur, lakin hələ onların həllinə yaxınlaşmaq üçün cəhd olunmayıb. Düşünürəm ki, öncə biz plastik torbaların istifadəsinin, ağır tullantıların qarşısını almalıyıq”.
E. Hüseynov deyir ki, əslində istehlakçı təşkilatları belə problemlərin qarşısının alınması üçün çalışmalıdırlar:“Çünki hansısa təzyiqlər olmasa, bu problemin həlli mümkün olmayacaq. Lakin biz hələ bu məsələ ilə bağlı kifayət qədər informasiyaya malik deyilik ki, məsələni hökumət qarşısında qaldıraq”, - AİB sədri qeyd edib.
Mənbə:> Virtualaz.org