“Tapşırılıb ki, struktur islahatları ixtisarlara gətirib çıxarmasın...”
Azərbaycanda son günlər həyata keçirilən struktur islahatları, bəzi dövlət strukturlarının ləğvi və ya digərlərinə birləşdirilməsi işçilərin ixtisarına səbəb olmayacaq. Bunu prezident İlham Əliyev açıqlayıb.
Dövlət başçısı bu gün Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və “Kartof və tərəvəz toxumları istehsalı” kompleksinin açılışında çıxışı zamanı bu məsələyə toxunub.
“Onu da bildirməliyəm ki, hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar. Kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir və digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir»-İlham Əliyev bildirib.
Mənbə:> Virtualaz.org