Azərbaycanın tikinti baronları niyə narahat olub... – VİDEO
Son aylarda Azərbaycan və digər qonşu ölkələrinin bazarını dolduran ucuz İran armaturlarının nə dərəcədə keyfiyyətli olduğu barədə araşdırmalarımız belə görünür ki, inşaatın maya dəyərini mümkün qədər aşağı salıb maksimum qazanc götürməyə çalışan bəzi yerli tikinti baronlarını narahat edib. Virtualaz.org xəbər verir ki, bəzi KİV-lərdə İran armaturlarının keyfiyyət standartlarına cavab vermədiyi, hətta inşaatda istifadə olunarsa təhlükəli ola biləcəyi barədə araşdırmaları “yerli inhisarçı”nın maraqları ilə uzlaşdırmaq cəhdləri müşahidə olunur.
Hansı ki, saytımız bu mövzuda yazarkən faktlara, o cümlədən internet mənbələrində yer alan videokadrlara, Gürcüstan rəsmilərinin açıqlamalarına yer vermişdi. Və haqlı olaraq belə suallar qoymuşdu: Azərbaycan bazarını dolduran İran armaturlarının keyfiyyət standartlarına nə dərəcədə cavab verdiyi müvafiq ekspertizalarla yoxlanılıbmı? Bəzi inşaat şirkətlərinin İranda milli valyutanın kəskin dəyərdən düşməsindən istifadə edərək bu ölkədən birbaşa alıb gətirdikləri armaturlar hansısa kustar müəssisədə, yoxsa iri metallurgiya kompleksində istehsal olunub?
Bu suallar əbəs yerə qoyulmamışdı. Çünki redaksiyamızın əldə etdiyi məlumatlara görə FHN hələ məsələ mətbuata çıxmazdan əvvəl tikinti şirkətlərinə İran armaturlarından istifadə etməməyi tapşırıb. Belə armaturlardan istifadə edərək inşaat həyata keçirən şirkətlərin sənədləri qəbul edilmir və aldığımız məlumatlara görə tikinti baronları hətta kələyə əl atır-nə vaxtsa yerli şirkətdən aldıqları armaturların yarlıqlarını toplayıb İran armaturlarından istifadə etdiklərini ört-basdır etməyə çalışır.
Qeyd etmək lazımdır ki, İran özü son vaxtlara qədər armatur idxalçısı idi. Ölkənin metallurgiya müəssisələri cəmi bir neçə il əvvələ qədər yerli tələbatın 70 faizə qədərini ödəyə bilirdi. Tələbatın qalan hissəsi isə idxal hesabına (o cümlədən Azərbaycan və digər MDB respublikalarından) ödənilirdi.
Lakin son illər neftin ucuzlaşması və daha sonra ABŞ-ın sanksiyaları bərpa etməsi İran hökumətinin ölkəyə valyuta daxilolmalarını stimullaşdırmaq üçün polad istehsalına dotasiya ayırmasına, ixracda dempinq siyasəti tətbiq etməsinə gətirib çıxardı. Eyni zamanda İranda iri metallurgiya müəssisələri ilə yanaşı çoxsaylı kustar metaləritmə sexləri də meydana çıxdı. Hansı ki, belə sexlərdə istehsal edilən armaturların qiyməti iri metallurgiya komplekslərində istehsal edilən armaturun qiymətinə nisbətən aşağıdır.
Məsələn, hazırda İranda iri metallurgiya müəssisələrinin istehsal etdiyi armaturun 1 tonunun topdansatış qiyməti təxminən 650 dollaradır. Gömrük rüsumları və daşınma xərci, habelə idxalçının marjası nəzərə alınmaqla əgər həmin armatur Azərbaycan bazarına daxil olsaydı qiymət baxımından yerli məhsulla qətiyyən rəqabət apara bilməzdi. Deməli ciddi şübhə yaranır ki, Azərbaycana ayrı-ayrı idxalçıların və birbaşa inşaat şirkətlərinin gətirdiyi armatur heç bir texnoloji normaların tətbiq edilmədiyi kustar müəssisələrdə istehsal olunub. Hansı ki, belə müəssisələrdən birinin Səudiyyə Ərəbistanına ixrac etdiyi armaturun beton bloka dəyəndə necə sındığına dair video internetdə yayılıb.
Digər tərəfdən İranın iri metallurgiya komplekslərinin özləri də müasir texnologiyalardan və avadanlıqlardan istifadə edə bilmir. Bu müəssisələr ötən ilin 60-cı illərində SSRİ-dən alınmış avadanlıqlar və texnologiyalar əsasında qurulub. Başqa sözlə, İran armaturu dünya bazarında keyfiyyətinə görə seçilmir və onun alıcıları əsasən İraq, Əfqanıstan kimi ölkələrdir.
Azərbaycan bazarında da İranda milli valyutanın kəskin dəyərdən düşməsinə və sərt iqtisadi sanksiyalara qədər bu ölkənin armaturlarına tələbat yox dərəcəsində idi. Çünki qiymətdə kəskin fərq yoxdursa alıcı tərəddüd etmədən keyfiyyətli mala üstünlük verəcək. Lakin indi İran hökumətinin tətbiq etdiyi dempinq siyasəti sayəsində bu ölkənin armaturları qiymət baxımından daha rəqabətədavamlı olub. Amma keyfiyyətlə bağlı ciddi narahatlıqlar və şübhələr yaranıb. Hansı ki, Gürcüstanda bir neçə ay əvvəldən bu məsələ hökumət, parlament səviyyəsində müzakirə olunur. Təklif edilir ki, İran armaturlarının keyfiyyəti sərhəddəcə yoxlanılsın və keyfiyyətsiz mal ölkəyə buraxılmasın. Üstəlik anti-dempinq tədbirləri həyata keçirilsin.
Statistik məlumatlara əsasən İrandan bu ilin ilk 9 ayı ərzində Azərbaycana 120 min ton armatur idxal edilib. Əvvəlki illərin statistik göstəricilərinə əsasən isə İrandan Azərbaycana armatur idxalı çox cüzi, az qala yox dərəcəsində idi. Yəni İran armaturlarının Azərbaycan bazarına yol tapması birbaşa bu ölkənin dempinq siyasətinin və qiymətin ucuzluğunun nəticəsidir.
Əlbətdə, yerli istehsalçıları qorumaq üçün anti-dempinq tədbirləri həyata keçirmək hökumətin işidir və borcudur. Azərbaycan hökumətinin hələlik ucuz İran armaturlarına qarşı anti-dempinq tədbirləri görməyib. Amma keyfiyyətsiz malın daşınıb ölkəyə gətirilməsinə və inşaatda istifadə edilməsinə qarşı tədbirlər görməyin bazar qaydalarına nə dəxli? Axı bu birbaşa insanların təhlükəsizliyi ilə bağlı məsələdir, çünki keyfiyyətsiz armaturdan istifadə olunmaqla tikilən binalar Gürcüstan mütəxəssislərinin də dediyi kimi, cəmi bir neçə il sonra çökə bilər.
Hansı ki, virtualaz.org Bakının bir neçə inşaat meydançasında tikinti şirkətlərinin özlərinin birbaşa İrandan alıb gətirdikləri armaturdan istifadə olunduğunu üzə çıxarıb, bu barədə fotoları təqdim edib. Saytımız ucuz İran armaturlarının dövlət büdcəsinin vəsaitləri hesabına qaçqınlar və digər sosial qruplar üçün inşa edilən yaşayış binalarının tikintisində də istifadə olunduğu barədə yeni faktlar əldə edib. Onları əlavə araşdırmalardan sonra oxuculara təqdim edəcəyik.
Mənbə:> Virtualaz.org