Nazirlik “ölümə səbəb olan İsrail dərmanı” haqda xəbərlərə aydınlıq gətirdi
Səhiyyə Nazirliyi İsrail istehsalı olan “Paracetamol 500” dərman vasitəsinin ölümə səbəb olması ilə bağlı sosial şəbəkələrdə, xüsusilə də “whatsapp” vasitəsi ilə yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, Azərbaycanda İsrail istehsalı olan “Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb.
Qeyd edək ki, yayılan xəbərlərdə əhalinin ehtiyatlı olması tövsiyə edilir, dərmanın istifadədən 5-6 gün sonra ölümə səbəb olduğu yazılır.
Ölkəyə gətirilən bütün dərmanlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində yoxlanılır. Mərkəz idxal olunan paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələrini qeyd edib: Paracetomol Sofarma- “Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet).
Abubəkirov əlavə edib ki, bu səpkili məlumatlar bir necə ildir müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstanda da yayılır. Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında ) əhali arasında təşviş və gərginliyə səbəb olur. Analitik Ekspertiza Mərkəzinə indiyədək bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb.
Mənbə:> Virtualaz.org