Razim İsayev səhiyyə məmuruna 100 min dollar rüşvət verdiyini deyir MƏHKƏMƏNİN QƏRARI...
Qazaxıstanda Səhiyyə Nazirliyinin əczaçılıq və tibb fəaliyyətinə nəzarət Komitəsinin keçmiş sədri, “Milli elmi tibbi mərkəz” Səhmdar Cəmiyyətinin direktorlar şurasının rəhbəri Nazarbek Beysen azərbaycanlı biznesmendən 100 min dollar rüşvət almaq ittihamı ilə məhkəmə qarşısında dayanıb. Və hakim bu ittihamı sübut edəcək dəlillər olmadığını əsas gətirərək ona bəraət verib.
Virtualaz.org Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycandan olan biznesmen Razim İsayev 2014-cü ildə Səhiyyə Nazirliyinin məmuruna 100 min dollar rüşvət verərək dağınıq skleroz xəstəliyinə qarşı “Tysabri” pereparatının Qazaxıstanın dərman formulyarına daxil edilməsinə nail olmaq istəyib. Bu, həmin pereparatı istehsal edən şirkətin Qazaxıstan Səhiyyə Nazirliyinin tenderində qalib gəlməsinə imkan verəcəkdi.
R.İsayev iddia edib ki, rüşvəti məmura vasitəçi Bukeyxan Kaypnazarovun köməyi ilə verib. Pullar Azərbaycandan Türkiyəyə “həvalə” yolu ilə ötürülüb. Lakin Nazarbek Beysen rüşvəti alsa da vədinə əməl etməyib.
Bu şikayət əsasında 2018-ci ilin may ayında Nazarbek Beysenə qarşı cinayət işi qaldırılıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ötən gün Astana məhkəməsi işə baxıb və belə qənaətə gəlib ki, keçmiş məmurun rüşvət alması sübuta yetirilmir. Hərçənd Nazarbek Beysen İsayevə sonradan 150 min təngə qaytarıb, amma bunu azərbaycanlı biznesmenə Almata restoranında hesab verməkdə və Astanaya getməkdə kömək üçün etdiyini bildirib. Məhkəmədə aydınlaşıb ki, Razim İsayev Nazarbek Beysenlə dost olub. Razim İsayevlə Kaypnazarov arasında WatsApp yazışmaları var və bu yazışmalarda Beysenə rüşvət verilməsi barədə söhbət gedir. Lakin məhkəmə hesab edib ki, bu yazışmalar sübut sayıla bilməz, çünki mobil rabitə operatorundan yazışmaların çıxarışını əldə etmək mümkün olmayıb.
Razim İsayev özü isə məhkəmədə iştirak etməyib, bunu ABŞ-dan Qazaxıstana gəlmək üçün pulunun olmadığı ilə əsaslandırıb. Onun ifadəsini videorabitənin köməyi ilə alıblar. İsaeyv bildirib ki, rüşvəti 2014-cü ilin oktyabrında Azərbaycandan Türkiyəyə, oradan Almataya “həvalə” sistemi ilə ötürüb. Sonra Kaypnazarovun qohumları pulu Astanada ona çatdırıblar, Kaypnazarov isə məmura ötürüb.
Bukeyxan Kaypnazarov isə ifadəsində deyib ki, Beysenlə 2007-ci ildən tanışdır və onu 2014-cü ilin avqustunda Astanadakı “Rixos” otelində Razim İsayeevlə görüşdürüb. İddiaya görə Nazarbek Beysen azərbaycanlı biznesmndən qızının toyu üçün 100 min dollar xahiş edib. Lakin məhkəmə şahidlərin ifadələri arasında ziddiyətlər aşkar edib və belə qənaətə gəlib ki, ittihamı sübut etmək üçün yetərli dəlillər yoxdur.
Mənbə:> Virtualaz.org