"Ermənistan KTMT-da etibarını itirib"
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov tutduğu vəzifədən azad olunub. Qərarı KTMT Şurası qəbul edib. Təşkilatın rəsmi məlumatında qeyd olunub ki, qərarı Ermənistan tərəfi qəbul edib. “Müəyyən olunmuş qaydaya müvafiq olaraq, Ermənistan tərəfindən başladılan Ermənistan Respublikasının nümayəndəsi Yuri Qriqoryeviç Xaçaturovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən vaxtından əvvəl geri çağırılması proseduru sona çatdı”. Bunu SİA-ya politoloq Ehtiram Aşırlı deyib.
Onun sözlərinə görə, KTMT baş katibinin səlahiyyətlərini müvəqqəti olaraq Xaçaturovun müavini Valeri Semerikov yerinə yetirəcək: “Rəsmi YerevanYuri Xaçaturovun “1 mart” işinə təqsirləndirilən şəxs qismində cəlb olunduğu üçün onun geri çağırılması haqda qərar qəbul edib. Yuri Xaçaturova qarşı “Konstitusiya quruluşunun devrilməsi” maddəsi ilə cinayət işi bu ilin iyulunda açılıb. O azadlığa girov əsasında buraxılıb.
Prezident seçkilərindən sonra 2008-ci il fevralın 19-da ölkədə etirazlar başlayıb. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi siyasi blokun tərəfdarları bildirirdilər ki, seçkidə məhz Ter-Petrosyan qələbə qazanıb və səsvermənin nəticələrinə yenidən baxılmasını tələb edirdilər.
2008-ci il martın 1-də nümayişin dağıdılması zamanı silahdan istifadə edilib, səkkizi mülki şəxs, ikisi isə polis əməkdaşı olmaqla on nəfər həlak olub. Yuri Xaçaturov kütləvi etiraz aksiyaları zamanı İrəvan Silahlı Qüvvələr qarnizonunun rəisi olub və istintaqın versiyasına görə, nümayişin dağıdılmasına rəhbərlik edib.
Düşünürəm ki, Astana da keçirilən zirvə bir daha göstərir ki, Ermənistan KTMT-da etibarını itirib və üzv dövlətlər bu ölkənin daha bir nümayəndəsini təşkilatın idarəçiliyində görmək istəmirlər. Xaçaturovun vəzifədən kənarlaşdırılması Rusiyanın Ermənistanın indiki hakimiyyətinin dəstəklənməsi anlamına gəlmir və bu ölkənin siyasi uğuru deyil. Ermənistan hakimiyyəti hər zaman KTMT üzv ölkələrə Azərbaycanla əlaqələri inkişaf etdirməməsi üçün təsir etməyə çalışıb. Lakin Rəsmi İrəvanın bu cəhdləri boşa çıxdı, çünki Azərbaycan iqtisadi və hərbi sahədə əməkdaşlıq üçün daha sərfəli ölkədir. Beynəlxalq münasbətlər üzrə ekspert Yevgeniy Mixaylov hesab edir ki, bundan sonra Erməni nümayəndələrinin bəyanatlarına KTMT-da başqa cür yanaşacaqlar. Onun sözlərinə görə, indi vəziyyət dəyişib və heç də Ermənistanın lehinə deyil.
Rəsmi Moskvanın kəskin reaksiyası vəziyyəti daha da mürəkkəbləşdirib. Orada hesab edirlər ki, Ermənistan əvvəlcə Yuri Xaçaturovu qurumun baş katibi vəzifəsindən geri çağırmalı və yalnız bundan sonra ona qarşı cinayət təqibi başlatmalı idi. Yaranmış vəziyyət isə strukturun nüfuzuna xələl gətirib. Bundan sonra nə olacaq? İndi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yeni baş katib seçməlidir. Bu, çox güman ki, son qərar 6 dekabr tarixində Sankt-Peterburqda veriləcək”.
Mənbə:> Sia.az