Bakı ali hərbi məktəbinin məzunu KTMT-nin baş katibi olacaq?
Noyabrın 8-də Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammiti keçiriləcək və burada Ermənistan təşkilatın baş katibi vəzifəsinə öz namizədini keçirməkdə israr edəcək. Baş katib vəzifəsindən geri çağırılmış Yuri Xaçaturov reqlament üzrə nəzərdə tutulmuş 3 il müddətində KTMT-yə rəhbərlik etməyib və bu səbəbdən, Yerevanda belə hesab edirlər ki, məhz onların təmsilçisi baş katib vəifəsinə təyin edilməlidir.
Lakin mənbələr qeyd edir ki, böyük ehtimalla KTMT-nin yeni baş katibi Belarus nümayəndəsi olacaq. Onun artıq adı da çəkilir.
Vəziyyəti aydınlaşdırmaq üçün əməkdaşımız məşhur sovet və belarus siyasi xadimi, politoloq Aleksandr Fedutaya müraciət edib.
Aleksandr Feduta
Ekspertin fikrincə, Belarus əlindən gələni edəcək ki, bu fürsəti dəyərləndirsin. Bu həm də Belarusun güc strukturlarının yüksək eşelonunda kadr dəyişikliyi üçün dinc yerdəyişməyə imkan yarada bilər. İlkin məlumatlara görə, KTMT baş katibi postuna Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın namizədliyi irəli sürüləcək. Yeri gəlmişkən, Zas 1985-ci ildə Bakı Ali Ümumqoşun Məktəbini fərqlənmə ilə bitirib.
Əgər o, bu vəzifəyə təyin edilərsə, Belarusda müvafiq vakansiya yaranır və prezident Aleksandr Lukaşenko güc strukturlarında nüfuzlu generalların yerdəyişməsi üçün manevr imkanı əldə edir.
Belarusun Azərbaycana “Polonez” yaylım atəşi raket sistemlərini Azərbaycana satması və Erməmnistan tərəfinin bununla bağlı “Azərbaycan Yerevanı “Polonez”lə vurarsa, Belarus KTMT çərçivəsində Ermənistanı müdafiə edəcəkmi?” narahatlığını şərh edərkən, A.Feduta bildirib ki, rəsmi Minskin iki marağı mövcuddur.
Bunlardan birincisi siyasi maraqdır. Belarus daim özünü Rusiyanın müttəfiqi kimi göstərir. Lukaşenko bu məsələdə Moskvanın fikrinə əsaslanacaq. Digər məsələ isə iqtisadiyyata söykənir. Ermənistanla Azərbaycanın nə təklif edə biləcəklərini müqayisə etsək, bu tərəf daha güclüdür.
Ekspert deyib: “Xatırlayaq ki, son illər ərzində Rusiya qarşısında kredit borcunu bağlamaq üçün Belarusa iki dəfə təcili pul lazım olub. Hər iki halda Minskin köməyinə Bakı gəlib”.
Yaş fərqinə baxmayaraq, İlham Əliyevlə Aleksandr Lukaşenko arasında çox yaxın insani münasibətlər formalaşıb. İkinci tərəfdən, Belarus qanunvericiliyinə əsasən, Silahlı Qüvvələrin ölkə xaricində istifadəsi qadağandır. Bu isə o deməkdir ki, Belarusun Ermənsitanı fiziki cəhətdən müdafiə etmək imkanı yoxdur.
Ekspert qeyd edib ki, Lukaşenko daim istənilən dövlətin ərazi bütövlüyünü dəstəkləyib. Başqa mövqe Belarusun öz maraqlarına ziddir, çünki ölkənin qonşuları bir tərəfdən Rusiya, başqa bir tərəfdən isə Polşadlr.
Bu mənada qeyd etmək yerinə düşər ki, Moskvanın təzyiqlərinə baxmayaraq, Belarus Cənubi Osetiya ilə Abxaziyanı müstəqil dövlətlər kimi tanımır.
A.Feduta vurğulayıb ki, Belarus prezidenti son zamanlar bri neçə dəfə mübahisəli ərazi məsələlərinin müzakirələrinin Minskdə aparılmasını təklif edib. Bu, həımdə Qarabağ probleminin tənzimlənməsinə aiddir.
Mənbə:> Virtualaz.org