Rusiya gömrüyü Azərbaycan şərablarının idxalını əngəlləyir?
Bu ilin avqust ayından etibarən Rusiyanın Mərkəzi Aksiz gömrüyü Azərbaycandan ixrac edilən alkaqollu içkilərə verilən ST1 mənşə sertifikatını tanımır. Nəticədə Azərbaycanın şərab zavodları Rusiyaya məhsul ixrac edə bilmir.
Bu məlumatı virtualaz.org saytının redaksiyasına Moskvada yaşayan və “2003-cü ildən bəri Azərbaycandan alkaqollu içkilərin Rusiyaya idxalı, distribütorluğu ilə məşğul olan”, amma adının açıqlanmasını istəməyən oxucu göndərib.
Mənbə bildirir ki, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən verilən ST1 mənşə sertifikatı Rusiya tərəfinin əlavə ekspertizasından sonra keçərli hesab edilmir. Nəticədə Rusiya qanunvericiliyinə görə idxalçı gömrükdən öz malını ancaq gömrük rüsumu ödəməklə götürə bilər.
ST-1 sertifikatı malları gömrük rüsumundan və vergilərdə tam, yaxud qismən azad edən sənəddir. Bu sertifikat MDB ölkələrinə göndərilən mallar üçün tələb olunur. Sertifikatın verilməsinin əsas şərti malın bir təchizatçıdan bir alıcıya göndərilməlidir, üstəlik həmin mal MDB ölkələrindən birində istehsal edilmiş olmalıdır. Sertifikatın doldurulması və tərtib edilməsi MDB ölkələrinin hökumətlərinin 2009-cu ildə razılaşdırdığı qaydalar əsasında baş verir.
Mənbə bildirir ki, Rusiya tərəfinin sertifikatı keçərsiz hesab etməsi nəticəsində Azərbaycanın bir çox şərab zavodları fəaliyyətlərini dayandırıb, yaxud istehsal gücünün çox az hissəsi həcmində məhsul buraxır. Rəsmi olaraq bu problem barədə heç kim danışmır və 3 aya yaxındır problem həll edilməmiş qalır. Hərçənd Moskva problemin aradan qaldırılması üçün konkret addımlar və hərəkətlər təklif edib.
Virtualaz.org bu məlumatı İqtisadiyyat Nazirliyinə çatdırıb. Nazirliyin mətbuat xidməti məsələni araşdırmaq üçün vaxt istəyib və daha sonra redaksiyamıza verilən cavabda deyilir ki, məlumat təsdiqini tapmır. Və Azərbaycandan şərabların Rusiyaya ixracından heç bir problem, əngəl mövcud deyil.
Xatırladaq ki, prezident İlham Əliyev bu günlərdə Nazirlər Kabinetinin iclasında şərabçıların fəaliyyətini yenidən tənqid edib. Onları ixracı genişləndirmək üçün yeni bazarlar axtarıb tapmağa, müəssisələrin tam gücü ilə işləməsini təmin etməyə çağırıb. Prezident bildirib ki, dövlət şərab ixracını genişləndirmək üçün istehsalçılara hər cür dəstək verir, xarici ölkələrə ixrac missiyaları göndərir, ticarət evləri açır.
Mənbə:> Virtualaz.org