"Halal" sertifikatını verən qurum dəyişir: verilmə qaydaları da... – VİDEO
Azərbaycanda "Halal" sertifikatını verən qurum dəyişir. Üstəlik, sertifikatın verilməsi qaydalarında da dəyişikliklər olacaq.
Xezerxeber.az xatırladır ki, bu vaxta qədər sözügedən sertifikatı Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuş "AzeSERT" sertifikatlaşdırma şirkəti verirdi. Təkrarçılığı aradan qaldırmaq və nəzarətin bir orqan tərəfindən həyata keçirilməsini təmin etmək məqsədiylə artıq halal sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək.
Əvvəllər bu sertifikat maksimum 3 il müddətinə verilirdi. Sertifikat verilərkən məhsulun ölkə daxilində və ya xaricdə satılması əhəmiyyət daşımırdı. Artıq hər ixrac prosesi üçün ayrıca sertifikat almaq lazım gələcək.
Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və Dövlət Nəzarəti şöbəsinin müdiri Balarəhim Quliyevin sözlərinə görə, hazırda halal standartının yerli istehlak üçün verilmə qaydası və sertifikatın etibarlılıq müddəti dəqiqləşdirilir. Əvvəllər məhsulun halal standartına cavab verib-vermədiyini müəyyənləşdirmək üçün onun gigiyenik sertifikatı tələb olunurdu. Artıq hər məhsul üçün ayrıca gigiyenik sertifikat almağa da ehtiyac qalmayacaq.
Sertifikat ödənişli əsaslarla veriləcək. Balarəhim Quliyev rüsumların Tarif Şurası ilə dəqiqləşdirilmə mərhələsində olduğunu deyib. Onun sözlərinə görə, artıq halal məhsul istehsal etmək üçün ayrıca istehsal məntəqəsinə də ehtiyac qalmayacaq.
Halal sertifikatı, hazırda olduğu kimi, məhsulun üzərində xüsusi etiket formasında öz əksini tapacaq.
Mənbə:> Virtualaz.org