DGK: Rusiyaya ixrac zamanı yaranan problem tam aradan qaldırılıb
Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlər tam aradan qaldırılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, son dövrlərdə azərbaycanlı fermerlər tərəfindən istehsal edilən və Rusiya Federasiyasına ixrac olunan kənd təsərrüfatı məhsulları bu ölkənin aidiyyatı qurumları tərəfindən müxtəlif arqumentlər irəli sürülərək geri qaytarılır, ya da müvafiq laborator yoxlamalar adı altında uzun müddət sərhəddə yubadılırdı.
Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə DGK rəhbərliyinin Rusiyanın Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra artıq problem həllini tapıb.
Belə ki, iyun ayının 8-də Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 29 vaqon, 11 yük maşını, iyunun 9-da 31 vaqon, 12 yük maşını, iyunun 10-da isə 40 vaqon, 10 yük maşını, ümumilikdə 100 vaqon və 33 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb.
Tərəflər arasında razılıq əldə edildikdən sonra Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.
Mənbə:> Oxu.Az