Azərbaycanın aqrar məhsullarını daşıyan 120 vaqonu Rusiyaya göndərildi
Azərbaycandan Rusiyaya aparılan aqrar məhsulların Dağıstanın Dərbənd şəhərinin Dəmir yolu deposundan daşınması ilə bağlı yaranmış problemi aradan qaldırmaq məqsədi ilə İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədov, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Dağıstan Respublikasında işgüzar səfərdə olublar.
Oxu.Az-a İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, səfər zamanı Azərbaycan nümayəndə heyəti Rusiyanın Dağıstan Respublikasının Baş naziri ilə görüşüb, yükdaşımalarda yaranmış problemləri müzakirə ediblər.
Nazirlikdən bildirilib ki, Azərbaycan nümayəndə heyəti Dərbənd dəmir yolu deposunda saxlanılan yüklərə baxış keçirib.
“Artıq Dərbənd dəmir yolu deposunda saxlanılan 180 vaqondan 120-dən kənd təsərrüfatı məhsulları yükdaşıyan maşınlara yüklənərək Rusiyanın müxtəlif bölgələrinə yola salınıb. Depoda qalan digər vaqonlardan yüklərin boşaldılması və daşınması intensiv olaraq davam etdirilir”, - deyə nazirlikdən qeyd edilib.
Mənbə:> Oxu.Az