Nikol Paşinyan: “Azərbaycan prezidenti ilə operativ rabitə gündəlik rejimdə işləyir”
Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında operativ rabitə gündəlik rejimdə fəaliyyət göstərir. Virtualaz.org xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Operativ rabitə barədə Düşənbə görüşündə əldə edilmiş razılaşma yerinə yetirilir. Əminliklə deyə bilərəm ki, belə rabitə qurulub. Və biz faktiki olaraq gündəlik rejimdə situasiyanı müzakirə edirik”-Nikol Paşinyan bildirib.
Paşinyan əlavə edib ki, söhbət ancaq Ermənistan-Azərbaycan dövlət sərhədində insidentlərin qarşısının alınmasından gedir. Və operativ rabitə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin müzakirəsi üçün istifadə olunmur. “Mən ictimaiyyətin, Milli Məclisin bu operativ rabitə barədə məlumatlandırılmasını mühüm hesab edirəm”-o qeyd edib.
Azərbaycan prezidenti ilə operativ rabitənin qurulduğu haqda Nikol Paşinyan oktyabrın 18-də elan edib. “Deyə bilərəm ki, istənilən informasiya yarım saat ərzində Azərbaycan prezidentinə çatdırılır. Əgər onların tərəfindən nəsə informasiya varsa həmin müddət ərzində mənə gəlib çatır”-Paşinyan deyib.
Ermənistan baş naziri bildirib ki, operativ rabitə hər dəfə atəşkəs pozularkən deyil, “zərurət yaranarsa” istifadə olunur.
* * *13:15
Bu gün Ermənistan parlamentində baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan deputatların Qarabağa dair suallarına cavab verməli olub. virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, növbədənkənar parlament seçkiləri ərəfəsində baş nazir postuna Paşinyanın namizədliyi “Yelk” fraksiyası irəli sürüb.
Paşinyan deyib ki, Qarabağ məsələsinin həlli üçün heç bir gizli variant mövcud deyil. “Mən dəfələlərlə demişəm ki, əgər danışıqlar prosesində xalqa açıqlanması zəruri olan variant meydana çıxsa mən onu xalqa açıqlayacam. Məsələnin hansısa gizli həll variantı tamamilə istisna olunur”-Paşinyan bildirib.
Ermənistan rəhbərinin sözlərinə görə, əgər hansısa variant Ermənistan əhalisinin və Milli Məclisin böyük üstünlüklə dəstəyini qazansa onu müzakirə edəcək. “Lakin ən həlledici amil Dağlıq Qarabağ əhalisi və onun hakimiyyətidir. Dağlıq Qarabağ hakimiyyəti danışıqlar prosesinə cəlb edilmədikcə biz məsələnin həllinə yaxınlaşa bilmərik”-Paşinyan belə deyib.
Paşinyan onu da bildirib ki, danışıqlarda təkcə Ermənistanın adından danışa biləcəyi, Dağlıq Qarabağı təmsil etmək üçün mandata sahib olmadığı haqda əvvəllər dediklərini düzgün yozmayıblar.
“Mən deməmişəm ki, Dağlıq Qarabağ danışıqlarda iştirak etməyənə qədər danışıqlar aparmayacam. Mən demişəm ki, Ermənistanın adından danışıqlar apara bilərəm, amma bunu Dağlıq Qarabağın və onun əhalisinin adından edə bilmərəm. Və bu da təbiidir, çünki Dağlıq Qarabağın əhalisi Ermənistanda dövlət hakimiyyətinin formalaşmasında iştirak etmir, onun öz hökuməti və hakimiyyət orqanları var”-Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Qarabağ məsələsinin həllində üç tərəfin-Ermənistanın, Dağlıq Qarabağın və Azərbaycanın maraqlarını nəzərə almaq lazımdır.
Virtualaz.org qeyd edir ki, Paşinyanın təsvir etdiyi həll mexanizmi absurddur və belə mövqe faktiki olaraq danışıqları pozmaqdır. Belə ki, Paşinyanın fikrincə danışıqlar prosesində hansısa münasib həll modeli meydana çıxsa əvvəlcə onu Ermənistan əhalisinin və parlamentinin müzakirəsinə çıxaracaqlar. Yəni Paşinyan həll planını İrəvanın mərkəzi meydanında xalqın müzakirəsinə çıxarmaq niyyətindədir. Əgər bu plan dəstək qazansa Paşinyan onun əsasında danışıqlar apara bilər. Hansı ki, meydanda səsə qoyulan planın neçə faiz dəstək qazandığı necə müəyyən olunacaq, bu da məlum deyil.
Digər tərəfdən Paşinyan danışıqlardan imtina etməsə də Dağlıq Qarabağın iştirakı barədə şərt irəli sürməkdə davam edir. Başqa sözlə, o danışıqlar apara bilər, amma özünün dediyi kimi Dağlıq Qarabağ iştirak etmədiyi üçün belə danışıqlarda irəliləyiş olmayacaq. Yəni söhbət formal danışıqlardan gedəcək.
Mənbə:> Virtualaz.org